Elnur Cəfərov karyerasını Serbiyada davam etdirə bilər. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"a məxsus olan forvard "Spartak" klubundan təklif alıb.
"Xəzər Lənkəran" bir müddət əvvəl Cəfərovu transferə çıxarmışdı. Gənc futbolçu "Qarabağ"la danışıqlar aparsa da, transferi alınmamışdı. O, bundan sonra kayerasını ölkə xaricində davamn etdirmək istədiyini bildirmişdi. "Xəzər Lənkəran" rəhbərliyi formasını qorumaq üçün futbolçuya əvəzedici heyətdə məşq etmək imkanı yaradıb.
"Spartak" Elnuru transfer etmək üçün "Xəzər Lənkəran"ı razı salmalıdı. Cənub klubu futbolçu üçün transfer haqqı müəyyənləşdirib. Bu məmləğ ödənəndən sonra transfer baş tuta bilər.
Fanat.az "Xəzər Lənkəran"ın Elnura qoyduğu qiyməti də müəyyənləşdirib. Əldə etdiyimiz məlumata görə, Lənkəran klubu gənc üzvünə görə 50 min dollar istəyir. Amma klub rəhbərliyinin müəyyən güzəştlərə getməsi də mümkündü.
Qeyd edək ki, Elnur 2012/13 mövsümündə "Xəzər Lənkəran"ın əsas heyətinə cəlb olunub. O, indiyədək 49 rəsmi oyuna çıxıb və 3 qola imza atıb. Aşağı yaş qrupları üzrə milli komandalarımızın formasını geyinmiş 18 yaşlı forvar son seçmə mərhələnin Bolqarıstanla oyununda əsas millidə debüt edib.
Serbiyanın Subotitsa şəhərini təmsil edən "Spartak" klubu 1945-ci ildə yaradılıb. Komanda tarixi ərzində 4 dəfə Yuqoslaviya 1-ci liqasının qalibi olub, 1961/62 və 93/94 mövsümlərində kubokun finalına çıxıb. 2010/11 mövsümündə ilkə dəfə avrokuboklara vəsiqə qazanan "Spartak" Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Differdange 03" klubuna qalib gəlsə də, ardınca Ukrayna "Dnepr"inə uduzub. Komanda bu mövsüm Super Liqada uğursuz çıxış edir. 22 turda 15 xal qazanan "Spartak" qış fasiləsinə son pillədə yollanıb.
Fanat.az