A+
A

Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyası növbəti iclasını keçirib. Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 3 kütləvi informasiya vasitəsi barədə müraciətləri araşdırıblar.
Əvvəlcə “Medaz.az” saytı ilə bağlı iki şikayətə baxılıb. Komissiya həm 48 saylı notariat kontorunun, həm də Bakı şəhər 223 saylı körpələr evi - uşaq bağçasının narazılığını doğuran yazıların “reket jurnalistika”ya xas tərzdə təqdim olunduğu qənaətinə gəlib. Belə ki, hər iki mətbu materialda kifayət qədər ciddi ittihamlar yer almasına baxmayaraq, sayt bunların nə dərəcədə həqiqətə uyğunluğunu təsdiqləyə biləcək sənədlərə, dəlil-sübutlara istinad etməyib. Əksinə, qüsurlu materialları müvafiq qurumlara ünvanlamaqla onların təhdidlərə məruz qalmasına cəhdlər göstərib.
İclasda bütün bunlar əsas götürülərək məsələnin Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasında da araşdırılması məqsədə müvafiq sayılıb. Bu komissiyanın təqdimatında “Medaz.az” saytının adının Mətbuat Şurasının “qara siyahı”sına salınması üçün hansı əsasların olduğuna aydınlıq gətiriləcək.
Şikayətlər üzrə komissiya “Korrupsiya və cəmiyyət+” qəzeti barədə də eyni rəyi çıxarıb. Şuraya daxil olan müraciətdə mətbu nəşr rəhbərliyinin jurnalist fəaliyyətinə kölgə salan işlə - diplom satışı ilə məşğul olduğu göstərilsə də, müzakirəyə qatılmayıb. Buna görə, məsələnin araşdırılması Şuranın reket jurnalistikaya qarşı mübarizə komissiyasına həvalə edilib.
Gəncə Dəmiryol Vağzalının “Xeberinfo.com” saytı barədə müraciətinin müzakirəsində bu KİV-ə qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə olunub.