Bütün dünya boyunca uşaqlar qələm və kağızla yazmağın əvəzinə kompüterlər və sensorlu ekranlardan istifadəyə daha çox vaxt ayırırlar. Lakin bu, uşaqların inkişafına və yaradıcılığına ziyan vura bilərmi? Yeni tədqiqatlardan biri bu suala müsbət cavab verir.
ANS PRESS-in BBC Azərbaycana istinadən verdiyi məlumata görə, neyro-alim, ABŞ-ın Bluminqton şəhərindəki İndiana Universitetindən professoru Karin Ceyms əllə yazmağı öyrənməyin uşaqların beyin inkişafı üçün mühümlüyündən danışıb.
Əl yazısı və klaviaturalar

Uşaqların zehni inkişafında hansı fərqli təsirlərə səbəb olduğunu öyrənmək və bu nəticələrin əldə olunması üçün Ceyms hələ oxuya bilməyən uşaqların üzərində təcrübə aparıb. Alimlər uşaqları iki qrupa bölüblər. Bir qrupa əllə, digər qrupa klaviaturada yazmaq öyrədilib. Tədqiqatçılar uşasqların hərfləri necə öyrəndiklərini araşdırıblar, lakin onlar həm də uşaqların beyinlərinin maqnit rezonans təsvirləməsini almaqla beyin fəaliyyətini müşahidə ediblər. Bu yolla uşaqların əlifbadakı hərfləri öyrənməsinin onların beyninə təsiri araşdırılıb. Onlar uşaqların beyinlərinin təlimdən əvvəl və sonrakı təsvirlərini alıblar. Bundan sonra müxtəlif qruplar arasında beyin fəaliyyətini hesablamaq üçün beynin oksigen qidalanması tutuşdurulub.
Əllə yazmaq oxu qabiliyyəti ilə bağlıdır

Alimlər aşkar ediblər ki, beyin əllə və kompüterdə yazmağın öyrənilməsinə müxtəlif cür reaksiya verir. Əllə yazan uşaqlarda savadlı adamların yazıb-oxumasına oxşar beyin fəaliyyəti müşahidə edilib. Eyni hal klaviaturalarda yazan uşaqlarda müşahidə olunmur. Belə görünür ki, uşaqlar əllə yazmağı öyrənərkən beyin yazı prosesinə fərqli reaksiya verir və əl yazısı ilə oxu arasında bağlılıq yaranmış olur.
“Beynin rentgen təsvirləməsindən alınan məlumatlar göstərir ki, əllə yazmaq uşaqlarda beynin oxumaq sisteminə təkanverici təsir göstərir” – deyir professor Ceyms. Professor bildirir ki, hərflərin əllə yazılmasının tələb etdiyi bacarıq öyrənmə inkişafının bir çox başqa sahələri üçün faydalı ola bilər.
Məktəblərdə kompüterlər?

Tədqiqat nəticəsində məlum olmuş faktlar təhsil siyasəti üçün əhəmiyyət kəsb edir. Ceyms düşünür ki, dünyanın müəyyən yerlərində kompüterlərin məktəblərə uşaqların erkən yaşlarında daxil edilməsindəki tələskənlik əks nəticə verə bilər”. Bir çox ABŞ məktəblərində müəllimlərin əllə yazması könüllü əsasa keçirilib və əksər ali məktəblər bu fənni tədris etmirlər. Alimin fikrincə, klaviaturalardan istifadəyə getdikcə daha çox vaxt ayrılır və hətta əllə “çap hərfləri” ilə yazılmasının da əhəmiyyəti azalır. Problemin həllərindən biri də planşetlərdə əl yazısından istifadə ola bilər, beləki bu halda əl və qələmin fəaliyyəti gərək olur. Lakin professorun tədqiqatı əllə yazmağı öyrənməyin səmərəli alternativi ola biləcək başqa bir vasitənin mümkünlüyü barədə sualı açıq buraxır. Mənbə
ANS PRESS