Bakı, 15 fevral, AzərTAc
Ötən il İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 56 adda 150 minə yaxın maarifləndirici və məlumatlandırıcı material çap olunaraq nazirlik tərəfindən ölkə daxilində və xaricində keçirilən tədbirlərdə paylanılıb.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi ilə əlaqədar Azərbaycanın sənaye potensialına dair müxtəlif çap məhsulları – “Azərbaycan sənayesi, şirkətlər, məhsullar” adlı kataloq, “Azərbaycan sənayesi üç əsrdə” fotoalbomu, “Azerbaijan industry” və “İlin sənaye şirkətləri” broşürlərı nəşr olunub. Bundan başqa, ötən il Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parkları barədə də müxtəlif materiallar çap edilib.
Xarici iş adamlarının və investorların ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri, potensial investisiya layihələri, eləcə də beynəlxalq hesabatlarda ölkəmizin mövqeyi barədə məlumatlandırılması üçün müxtəlif kitab, broşür və disklər hazırlanıb.
Özəl sektorun inkişafına dəstək mexanizmlərindən olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların maarifləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə nümunəvi investisiya layihələri və biznes planlar, “Sahibkarların məlumat kitabçası” və Fondun fəaliyyətinə dair bukletlər çap olunub.
Vətəndaşların mənzil qanunvericiliyi ilə bağlı maarifləndirilməsi də ötən il diqqət mərkəzində saxlanılıb və bu məqsədlə Mənzil Məcəlləsinə, eləcə də bu sahə ilə bağlı digər normativ hüquqi sənədlərə dair məlumatların əks olunduğu “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” və “Mənzil hüquqlarımız: nələri bilməliyik” broşürlərı nəşr edilib.
İstehlakçıların maarifləndirilməsi və sahibkarların istehlakçı hüquqlarına dair məlumatlandırılması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ötən il 16 adda 88 min buklet və 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanıb.