"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bugün Tbilisidə gürcüstanlı həmkarı Mixail Canalidze ilə görüşdə deyib.
O bildirib ki, Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyənin birbaşa iştirakı ilə həyata keçirilən layihələr regionda və bütövlükdə Avropada sülhə və təhlükəsizliyə xidmət edir: "Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan bir sıra layihələr artıq öz müsbət nəticələrini verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum neft və qaz boru kəmərləri, Batumidə tikilən aeroport və s. layihələr bunlara misaldır. Bu ilin sonlarına Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi başa çatdıqdan sonra ölkələrimiz arasında birbaşa dəmir yolu əlaqəsi də yaranacaq. Bu həm də Qərblə Şərq arasında möhkəm körpü olacaqdır".
Görüşdə, həmçinin Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlıq şurasının yaradılması və bunla əlaqədar mart və ya aprel aylarında yüksək səviyyəli görüşün təşkili, ticarət dövriyyəsinin artırılması və s. məsələlər də müzakirə olunub.