Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakinləri Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs M.Məmmədov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxşlər isə azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham edilirlər. Həmçinin M.Məmmədova əlavə olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə də ittiham verilib.

M.Məmmədov Bakı şəhərində 56 min manata mənzil alıb və daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıb. C.Məmmədova ilə M.Məmmədovun arasında qeyri rəsmi ər-arvad münasibəti olub.

Sonradan C.Məmmədova evin 56 min manata alındığı və ona 70 min manata satıldığını bilib. O, Mehdi və digər şəxslərdən pulunun geri qaytarılmasını istəyib. Mehdi ona evi verdiklərini və pulu qaytarmayacaqlarını deyib. Bu zaman Cəmilə ilə Mehdinin arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehdi Cəmiləni döyüb. Cəmilə döyülmə nəticəsində xəsarət alıb və xəstəxanada müayinə olunub.

Bundan sonra C.Məmmədova M.Məmmədovanın və digər şəxslər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında M.Məmmədov, B.Ələkbərov və C.Allahverdiyev həbs edilib.

Bizi Twitter-dən izləyin: @trend_az