A–
Bakı, 23 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən maarifləndirmə tədbirləri davam etdirilir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Şirvan Regional Miqrasiya İdarəsinin xidmət ərazisinə aid olan Sabirabadda təşkil olunmuş maarifləndirmə tədbirində əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin və sahibkarların nümayəndələri iştirak ediblər.
Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı ölkəmizdə miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi işi ilə bağlı ətraflı məlumat verib. Miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər haqqında geniş söhbət açıb. Buraxılış və qəbul imtahanlarında çətinliklərlə üzləşməmələri üçün Azərbaycan Respublikasının orta təhsil müəssisələrində təhsil alan əcnəbi şagirdlərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması və onlara müvəqqəti yaşamaq məqsədilə icazə vəsiqəsinin verilməsinə görə valideynlərin Dövlət Miqrasiya Xidmətinə vaxtında müraciət etmələrinin zəruriliyi diqqətə çatdırılıb. Müraciət edənlərin rahatlıqlarının təmin olunması üçün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Xidmətin 8 regional miqrasiya idarəsinin tam gücü ilə fəaliyyət göstərdiyi bildirilib.
Tədbirdə vətəndaşlıq məsələləri ilə bağlı həyata keçirilən fəaliyyətə, ikilivətəndaşlıq probleminə, vətəndaşsızlıq hallarına dair izahedici məlumat təqdim olunub.
Xüsusi vurğulanıb ki, xarici dövlətin vətəndaşlığını könüllü qəbul etmiş vətəndaşımız “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Şəxs bu barədə respublikamızın ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Ərizə-anketin nümunəsi www.migration.gov.az - Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar. Qeyd edilənlər 2014-cü il 1 iyul tarixindən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil olunur.
Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri haqqında da ətraflı söhbət açılan görüşdə bildirilib ki, bu ilin yanvar ayında əcnəbi və vətəndaşlığı olmayan 1569 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb. Hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, o cümlədən əcnəbi işçi qüvvəsindən istifadə etmək istəyən hər bir işəgötürənin qanunvericiliyin tələblərinə ciddi riayət etməli olduqları vurğulanıb.
Ölkədə olmasını, yaşamasını leqallaşdıran hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxsin hüquqlarının qorunması Dövlət Miqrasiya Xidmətinin prioritetidir. Ona görə də respublikamıza təşrif buyuran hər bir xarici vətəndaş vaxtında qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı, ümumilikdə, 105.550 şəxs tərəfindən müraciət və Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olub. Həmçinin ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
AZERTAG.AZ :Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması Dövlət Miqrasiya Xidmətinin prioritetidir