A+
A–

Bakı, 24 fevral, AZƏRTAC
Kütləvi informasiya vasitələrində Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin 2016-cı il fevralın 10-da qüvvəyə minməsi barədə məlumat verilib.
Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən Rusiyanın Xarici İşlər Nazirliyinə nota ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfindən dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursatı, o cümlədən hücum silahlarını Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirməsi barədə təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz üzərinə düşən beynəlxalq hüquqi öhdəliklərini və silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və zəbt olunmuş ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir. Ermənistana bu kimi hücum xarakterli silah və texnikanın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi neqativ reaksiya ilə qarşılanır. Azərbaycan tərəfi son istifadəçi şəhadətnaməsinə uyğun olaraq, ixracatçı tərəfin bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanətin veriləcəyini gözləyir.
AZERTAG.AZ :Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə nota ünvanlayıb