Soyqırımı və ya genosid bir etnik, dini və ya milli qrupun tamamilə və ya qismən məhv etmək üçün düşünülmüş və sistematik aparılmış aktları deməkdir.
Soyqırım bir cinayət olaraq ilk dəfə İkinci Dünya Müharibəsinin gedişatında baş verən ağır cinayətlərə baxan Nürnberq məhkəmə prosesində ortaya qoyulub. Genosid konsepsiyası polşalı hüquqşünas Rafael Lemkin tərəfindən irəli sürülüb və müəyyən olunub. Bu termin Lemkin tərəfindən "siyasi, irqi və ya dini zəmində hər hansı mülki, dinc əhaliyə qarşı törədilmiş öldürülmə, məhv edilmə, əsarətə salıb kölələşdirmə, deportasiya və digər qeyri-insani aktları və ya təqibləri" anlamında işləndi və o zamandan bəri beynəlxalq aləmdə eyni anlamda işlənir.
1948-ci ildə BMT soyqırımlarının qarşısının alınmasına dair və törədilmiş soyqırımı cinayətinə görə onu törədən ölkəyə cəza verilməsinə dair Konvensiya sənədini tərtib edib. Bu Konvensiyanın II məqaləsində soyqırımın tərifi milliyyətinə, milli mənsubiyyətinə, irqinə və ya dininə görə bir qrupun tamamilə və ya qismən məqsədyönlü məhv olunması yolunda işlənən cinayətləri olaraq verilir.
Konvensiyada sayılan cinayətlər bunlardır: 1. Qrupun üzvlərini öldürmək!; 2. Qrupun üzvlərinə fiziki və mənəvi zərər vermək; 3. Qrup içində doğuşların qarşısının alınmasına dair tədbirlər keçirmək; 4. Zorakılıqla uşaqları öz qrupundan ayırıb başqa qrupa keçirmək .
Soyqırımı Konvensiyası Beynəlxalq Hüququn bir hissəsidir. Soyqırımı qadağası həmçinin bu konvensiyanı ratifikasiya etməmiş dövlətlərə aiddir və tətbiq olunmalıdır. Hüquq elmində belə qadağaya “jus cogens” deyilir.
İsveç bu konvensiyanı ratifikasiya edib və bundan əlavə soyqırımına cəza verilməsi qanununu qəbul edib (1964:169). Qanunun 1-ci paraqrafında deyilir: Milliyyəti, irqi və ya dininə görə bir qrupa qarşı qərəzli olaraq tamamilə və ya qismən məhv etmə cinayətləri işləməkdə iştirak edənə 4 ildən 10 ilə qədər , təşəbbüs göstərən və təşkil edənə isə ömürlük həbs cəzası verilməlidir;
2-ci paraqrafda deyilir: Soyqırımına cəhd göstərən, hazırlıq və ya sui-qəsd edən, həmçinin belə cinayətlərin üstünün açılmaması cəhdlərini edən şəxs Cinayət Məcəlləsinin 23-cü fəslinə uyqun məsuliyyətə cəlb edilməlidir.
Müxtəlif tarixçilər və beynəlxalq hüquq ekspertləri soyqırımı tarixinin nisbətən yeni fenomen olub-olmaması və ya bu fenomenin bəşəriyyətin əzəldən bəri bir-birinə qarşı mübarizəsi, müharibələr etməsi və öz icmalarının dövlətlərini yaratmaq və meydana gətirmək uğrunda savaşı olub-olması barədə eyni fikirdə deyillər. İkinci fikrə dair “İncil”də dördüncü Musa kitabının 31-ci fəslində söhbəti gedən israillilər tərəfindən qisas olaraq törədilmiş Midyanlıların soyqırımı misal gətirilir. Musa 12000 dən ibarət ordusunu Mədyənə göndərir və onlar bütün şəhəri və çadır düşərgələrini yandırırlar və oradakı bütün kişiləri, oğlanları və kişi ilə cinsi əlaqədə olmuş bütün qadınları öldürürlər. Cinsi əlaqədə olmamış bütün qızları isə özlərinə götürürlər.
Alimlərin soyqırımı tərifi məsələsində fikir ayrılığı və konsensus tapa bilməməsi bir neçə amillərdən irəli gəlir. Qismən ona görə ki əslində soyqırımın tam olaraq nə kəsb etdiyini eyni düşünmürlər. Tənqidçilərin fikrincə, BMT-nin tərifi çox da geniş verilməyib. Birincisi ona görə ki, qruplar bu tərifdə yalnız milliyyətinə, etnik mənsubiyyətinə və ya dininə görə kateqoriyalara ayrılırlar, ikincisi ona görə ki, burda törədənlərin qərəzi, yəni bir başqa qrupu tamamilə, ya da qismən silmək, yox etmək məqsədi olmalıdır. BMT-nin tərifinə görə, əlbəttə, nasist Almaniyasının yəhudilərə və qaraçılara qarşı törətdiyi aktlar onların kökünü kəsmək üçün işlənib və soyqırımı adlandırılmalıdır.
1994-cü ildə Ruandada tutsilərə qarşı işlənmiş aktlar soyqırımı adlandırılır. Bir çox Qərb alimlərinə görə türklərin İ Dünya Müharibəsi zamanı ermənilərin, assuriyalıların və hətta yunanların öldürülməsi “su kimi” aydın faktlardır, sistematik işlənib və bu səbəbdən soyqırımı adlandırılmalıdır. Lakin Qərb ölkələrinin müstəmləkəçilərinin Asiyada, Afrikada və Amerikada törətdiyi qətliam və xəsarət vermə fəaliyyəti, hətta Belçika imperiyasının Konqoda törətdiyi milyonlarla konqolunun qətlə yetirilməsi faktı və ya almanların öz müstəmləkələri olan Namibiyada törətdiyi qətliamlar nədənsə soyqırımı adlandırılmamalıdır!
Xirosima və Naqasakidəki bombardmanlar hələ də soyqırımı adlandırılmır. Bu necə bir ədalət və necə bir hüquqdur? Bu ayrımçı yanaşmanın kökü rasizmdən, irqçilikdən gəlir! Bunun başqa yorumu yoxdur!
Bu yanaşmaya görə 1936 -1938 illərdə Stalin rejiminin törətdiyi, tarixdə yaxşı məlum olan Yejovşina və Böyük Təmizləmə aktları, II Dünya Müharibəsi zamanı Sovet İttifaqının törətdiyi cinayətlər soyqırımı sayılmamalıdır.
İkincini anlamaq olar, çünki bu aktlar bir qrupa, bir soya qarşı deyil müxtəlif etnik mənsubiyyətdən olan qarışıq qruplara qarşı törədilib. 1936-1938 illərdə milyonlarla insana ”xalq düşməni” damğası vurularaq “qulaq” adlanan, islah-əmək düşərgələrində qətlə yetiriliblər.
Lakin BMT-nin yuxarıda verilən tərifinə görə Stalin rejiminin II Dünya Müharibəsindən əvvəl ya sonra ”bəzi” xalqlarının (o cümlədən ermənilərin) zorakılıqla deportasiya edilməsi soyqırımı adlandırıla bilər. Bu ”bəzi” xalqlara sevda haradan qaynaqlanır gərək alimlərin ciddi araşdırma və müzakirə mövzusu olsun!
Azərbaycan tarixçiləri, politoloqları və hüquqşünasları durmadan Xocalı soyqırımına görə ədalət məhkəməsi tələb etməlidirlər. Bu tələblərdə BMT-nin, Avropa İttifaqının və beynəlxalq hüququn əlaqədar məsələlər üzrə məsullarını ayrıcı, tərəf tutan, qərəzli və görməzdən gəlmə yanaşma tərzində suçlamalıdırlar.
Səadət Kərimi - fəlsəfə doktoru, İsveçin Umea Universitetin dosenti