A+
A–

Qazax, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Qazax Rayon İcra Hakimiyyətində ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə şura iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, şura iclasında rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə bildirilib ki, hesabat ilində Qazax rayonu üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 39 milyon 300 min manat, ümumi məhsul buraxılışının həcmi isə 160 milyon 55 min manat olub. Adambaşına düşən ümumi məhsulun həcmi 1692 manat, orta aylıq əməkhaqqı 265 manat təşkil edib.
Diqqətə çatdırılıb ki, ötən il rayonda Tarix-Diyarşünaslıq və Bayraq muzeylərinin tikintisinə başlanılıb. Qazax konserv zavodunda 2014-cü ildə təməli qoyulan yeni kartof anbarında işlər tamamlanıb. Hər biri 480 kvadratmetr olan 4 anbar və 504 kvadratmetrlik beşinci anbar sahələri avtomatik idarə olunan havalandırma sistemi ilə təchiz edilib. Son texnologiyalar əsasında tikilib istifadəyə hazır vəziyyətə gətirilmiş anbar 5500 ton təzə kartofun müasir üsullarla saxlanmasına imkan verir.
İllik gücü 1 milyon ton olan Qazax sement zavodunun birinci hissəsində inşaat işləri başa çatdırılıb, ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. Bundan əlavə, “Saloğlu” mebel firmasının ikinci hissəsi istifadəyə verilib və burada 153 nəfər işlə təmin olunub.
“Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində hər birinin illik istehsal gücü 50 min ton olan 2 yeni əhəng zavodunun tikintisinə başlanılıb. Həmin zavodlarda 300-ə yaxın yeni iş yeri açılacaq.
Məruzə və çıxışlarda əhalinin sosial rifah halının yaxşılaşdırılması, aqrar sektorda, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək, respublikanın sosial-iqtisadi inkişafında əldə olunan uğurlardan danışıb, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.
Sonda iclas iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
AZERTAG.AZ :Ötən il Qazax rayonunda ümumi məhsul buraxılışının həcmi 160 milyon manatdan çox olub
Ötən il Qazax rayonunda ümumi məhsul buraxılışının həcmi 160 milyon manatdan çox olub