Türkiyəni hansısa terror təşkilatlarını dəstəkləməkdə günahlandırmaq absurddur.
Milli.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən 15-ci qış sessiyasında Ermənistan nümayəndə heyətinin Türkiyənin terror təşkilatlarını dəstəkləməsi ilə bağlı ittihamlarına cavab olaraq bəyan edib.
Türkiyə nümayəndə heyətinin iclasda olmamasından istifadə etməyə çalışan erməni parlamentariləri yerində otuzduran vitse-spiker onları terror mövzusundan öz maraqları üçün istifadə etməməyə çağırıb:
"Əgər bizim türkiyəli həmkarlarımız burada olsaydılar, onlar mütləq deyərdilər ki, sərhəd məsələləri ilə spekulyasiya etmək lazım deyil. Siz tərəfdən hələ də tanımadığınız sərhədləri açmaq olmaz.
Düşünürəm ki, Türkiyə nümayəndə heyətinin yoxluğundan istifadə edərək bu ölkənin ünvanına iradlar bildirmək yersizdir. Türkiyə Suriya ilə birbaşa sərhədlərə malikdir və bu qarşıdurmadan ən çox zərər çəkib. Türkiyənin qaçqın məsələlərinə verdiyi töhfə yalnız alqışa layiqdir. Bu ölkə özü son zamanlar Suriyadan daxil olan terror qruplarının üzvləri tərəfindən terror təhlükələri ilə üzləşir. Ona görə də Türkiyəni hansısa terror təşkilatlarını dəstəkləməkdə günahlandırmaq absurddur. Terrorla mübarizə kollektiv şəkildə, ikili standartlar olmadan və bütün terror təşkilatlarına qarşı aparılmalıdır. Bununla bağlı bir daha təkrar edirəm ki, Türkiyənin bundan ən çox əziyyət çəkən ölkə kimi terrorla mübarizədə əhəmiyyətini şübhə altına almaq düzgün deyil. Bütün həmkarlarımı terror mövzusundan öz maraqları üçün istifadə etməkdən çəkinməyə və onunla daha fəal mübarizədə əməkdaşlığa çağırıram".
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə həmçinin Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev, deputatlar Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili daxil olublar. Sessiyada komitə iclaslarında "ATƏT regionunda miqrant və qaçqın böhranı", "ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə", "Miqrantların və qaçqınların insan hüquqları" və "Miqrasiyanın idarə olunması: ATƏT regionunda iqtisadiyyat üçün imkanlar və çağırışlar" məsələləri müzakirə olunub.
İlkin İzzət
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

