A–
Bakı, 29 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkədə Həcc ziyarəti zamanı zəvvarların hərəkətinə nəzarət etmək və bununla da mümkün basırığın qarşısını almaq məqsədi ilə intellektual sistem hazırlayıblar.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Həcc və Ümrə ziyarətləri zamanı təhlükəsizliyin təmin olunması üzrə dövlət xidmətinin nümayəndəsi polkovnik Bədr bin Səud yeni “Race” intellektual sisteminin 50 kameradan alınan məlumatlar əsasında zəvvarların hərəkətini əks etdirən interaktiv elektron platforma üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, bu sistem təhlükəsizlik xidmətinə zəvvarların hərəkətini nizamlamaq və bərpa işlərindən sonra 2,2 milyon insanı qəbul edəcək məscidin istənilən nöqtəsində basırıqdan yayınmaq imkanı verəcək.
Xatırladaq ki, Həcc ziyarəti zamanı tez-tez yaranan basırıq kütləvi insan tələfatına səbəb olur. Bu qəbildən ən böyük faciə 2015-ci il sentyabrın 24-də baş vermişdi. Həmin gün Məkkə yaxınlığındakı Mina dağında yaranmış basırıqda 2200-dək zəvvar həlak olmuşdu.
AZERTAG.AZ :Həcc ziyarəti zamanı basırığın qarşısını almaq üçün yeni sistem hazırlanıb