Çox yaxın zamanda Avropanın Gənclər paytaxtında irimiqyaslı tədbirlərin keçirilməsinə başlanacaq. Əlbəttə ki, söhbət Vilnüs, Badajoz, Varna kimi şəhərləri geridə qoyaraq bu adı qazanmış Gəncədən gedir. Qədim Nizami yurdunun Avropa gənclərinə layiqli paytaxt olması məsələsi prezident İlham Əliyevin də diqqətindədir. Kəpəz TV (Region TV) xəbər verir ki, ötən həftə dövlət başçısı Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə 1 milyon manat vəsait ayrılması haqqında sərəncam imzaladı. Həmçinin bir sıra dövlət qurumlarına fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər hazırlayıb həyata keçirmək, habelə Gəncədə keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilinə kömək göstərmək tapşırıldı. Həmin dövlət orqanlarından verilən məlumata görə, müvafiq tədbirlər planı ən qısa müddətdə hazırlanacaq. Gəncədə isə hazırlıqlar, demək olar ki, yekunlaşıb.
"Gəncə - 2016 Avropa Gənclər paytaxtı" layihəsi çərçivəsində ümumilikdə 43 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan da 25-i beynəlxalq, 18-i yerli layihədir. Artıq bu tədbirlərdən 3-ü keçirilib, digərləri isə bu il ərzində təşkil olunacaq. İndiyə qədər hazırlıq dövrü olduğundan reallaşdırılan tədbirlərin əksəriyyəti təbliğat xarakterli olub. Bu layihələrdən "Gəncə gənc fotoqrafların gözü ilə" və "Gəncə avropalı gənc yazarların hekayələrində" layihələrini xüsusi vurğulamaq yerinə düşər.
Aysun Zeynalova - "Gəncə 2016 - Avropa gənclər paytaxtı" İB-nin koordinatoru: "Bu layihədə Avropanın 15 şəhərindən fotoqraflar Gəncəyə səfər etdi və Gəncənin şəkillərini çəkərək öz ölkələrinə qayıtdıqda sərgilər təşkil etdilər. Artıq həmin ölkələrin şəhərlərinin əksəriyyətində sərgilər keçirilib. 15 ölkədən 12-də sərgilər keçirilib. Daha bir layihə də keçirdik - "Gəncə avropalı gənc yazarların hekayələrində". Bu layihədə çox uğurlu layihə oldu. Orada da əcnəbi qonaqlar Gəncəyə səfər etdilər, şəhər haqqında məlumat aldılar və Gəncə haqqında hekayələr yazdılar".
Keçiriləcək tədbirlərin sayının artacağı da istisna olunmur. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərovun sözlərinə görə, artıq Gənclər və İdman, Mədəniyyət və Turizm, müxtəlif nazirliklər, həmçinin bir sıra beynəlxalq təşkilatlar, bu çərçivədə Gəncədə öz layihələrini həyata keçirmək niyyətindədirlər. Layihə çərçivəsində möhtəşəm açılış mərasiminin təşkili də nəzərdə tutulub. Mərasimin ilkin proqramı, demək olar ki, hazırdır.
Müşviq Cəfərov - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: "Baxış olubdur, ancaq təbii ki, son deyil. Bunun üzərində həm Gəncə Şəhər İcra Hakimiyyəti, həm Gənclər və İdman Nazirliyi, həm Mədəniyyət və Turizm Nazirliyi birgə işləyirlər. Tam hazır olduqda həm yer, həm də proqramda olan fəaliyyətlər öz əksini tapacaq. Açılışda gözlənilir ki, Bakı şəhərindən nazirlər, millət vəkilləri, xarici ölkə səfirləri iştirak edəcəklər".
Gəncənin Avropa Gənclər paytaxtı seçilməsi ilə əlaqədar şəhərdə bir sıra infrastruktur dəyişikliklər də baş verib. Avropa Gənclər paytaxtı - 2016 parkı yaradılıb, Gənclər Evinin inşası tamamlanmaq üzrədir. Bundan əlavə, şəhər sakinlərinin, həmçinin qonaqların internetə əlçatanlığının təmin olunması üçün şəhərin müxtəlif ərazilərində pulsuz Wi-Fi şəbəkəsi yaradılıb.
Müşviq Cəfərov: "Əsasən nəzərdə tutulub parklar, Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzinin ətrafı, Gənclər Evinin ətrafı, şəhər mərkəzi. Bu layihəyə bir ildən artıqdır ki, start verilib. İş gedir. Hətta artıq bir neçə ərazidə Wi-Fi mövcuddur. Təbii ki, indi onun genişlənməsi də nəzərdə tutulub".
Gəncə-2016 Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə könüllülərin iştirakı diqqət mərkəzində olan əsas məsələlərdən biridir. İndiyədək İB-nin könüllülər komandasına bütün respublika üzrə 300-dən çox gənc qoşulub. Onların da əksəriyyətini gəncləri gənclər və şəhərdə təhsil alan tələbələr təşkil edir. Könüllülərin müraciətlərinin qəbulu hələ də davam etdiyindən onların sayının artacağı gözlənilir.
Aysun Zeynalova: "Hələ də könüllülər müraciət edə bilərlər. Hələ də onlardan müraciət formaları alırıq. Heç bir limit qoymaq istəmirik gənclər üçün. İstəyirik ki, onlar il ərzində nə zaman istəsələr, qoşula bilsinlər. Biz artıq fəaliyyət planına başlamaq üzrəyik, ona görə də çox istərdik ki, bu ərəfələrdə daha yaxından iştirak etsinlər".
"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi - başqa sözlə, gənclər üçün yeni şans, yeni imkanlar deməkdir. Bir sıra dövlət qurumları, o cümlədən Azərbaycan Prezidenti yanında Gənclər Fondu bu il öz fəaliyyətlərində məhz bu layihəni prioritet istiqamət seçiblər. İndi qalır gənclərin bu imkanlardan maksimum yararlanmaları.
Fərhad Hacıyev - Prezident yanında Gənclər Fondunun icraçı direktoru: "İndi bu il, bilirsiniz ki, Gəncə Avropa Gənclər paytaxtıdır. İndi bu mövzuya çox böyük diqqət ayrılıb və bu sahədə çox böyük layihələr icra olunacaq. Biz 8-ci qrant müsabiqəsində Gəncə-2016-nı xüsusi prioritet elan etdik və bu mövzuda təxminən yüzlərlə layihə daxil olub. Eyni zamanda bizim Gəncə-2016 layihəsinin özü ilə birbaşa əməkdaşlığımız olacaq. Yəqin ki, siz özünüz də şahidi olacaqsınız, çox böyük layihələr icra olunacaq".
Müşviq Cəfərov: "AGP - belə bir titulun olması, tək Azərbaycanda deyil, MDB məkanında həm Gəncə, həm gənclər, həm Azərbaycan üçün, ölkənin, şəhərin tanıtımı üçün bir tituldur. Həm Avropa Parlamenti, həm Avropa Şurası, həm Aİ məhz bu seçimi edib. Bütün şəhərlər Aİ-dən olan şəhərlilər olub, yalnız Gəncə Avropaya daxil deyil. Bu tituldan bütün gənclər bəhrələnməlidir".
Gəncənin 2016-cı il üçün Avropanın gənclər paytaxtı seçilməsi yalnız gənclərin inkişafı, ictimai, mədəni baxımdan deyil, iqtisadi baxımdan da önəmlidir. Layihə çərçivəsində beynəlxalq və yerli təbirlərin keçirilməsi həm də şəhərə turist axınının artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində Gəncənin və ölkənin təbliği ilə yanaşı, həm də şəhərin gəlirlərinin müəyyən qədər artması deməkdir.
Müşviq Cəfərov: "Ümumilikdə biz layihədə nəzərdə tutmuşuq ki, təxminən 3500-4000 min nəfər gəncin iştirakını. Müxtəlif layihələr vasitəsilə. Ancaq bizim gözləntimiz odur ki, şəhərdə turist axını olsun. Həm daxili turist, həm də əcnəbilər. Çünki buna səbəb də bizim partnyorlarımızdır. THY, beynəlxalq jurnallar Gəncə haqqında kifayət qədər geniş məlumatlar yayırlar. Bu da təbliğat üsuludur ki, turistlərin gəlməyinə imkan yaradacaq".
Bir sözlə, Gəncə 2016-cı il ərzində Avropanın, qitə gənclərinin diqqət mərkəzində olacaq. Bu isə şəhərimizin simasında Azərbaycanın tarixinin, mədəniyyətinin təbliği, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün unikal imkandır.
Videonu izləmək üçün şəklə klikləyin:

