A+
A–

Bakı, 3 mart, AZƏRTAC
“Azərbaycanın yanacaq və enerji istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu layihə Azərbaycandakı mövcud milli çərçivə nəzərə alınmaqla işlənib hazırlanıb və diqqət mərkəzində istixana effekti yaradan qazların azaldılmasını nəzərdə tutan xüsusi tədbirləri əks etdirən proqram xarakterli milli fəaliyyət planı durur. Həmin tədbirlər SOCAR tərəfindən həyata keçiriləcək. Layihə SOCAR, Qlobal Ətraf Mühit Fondu (GEF), BMT-nin İnkişaf Proqramının birgə maliyyə və texniki dəstəyi ilə həyata keçirilir.
Tədbirdə bildirilib ki, layihənin spesifik vəzifəsi SOCAR-ın iqlim dəyişikliyinin təsirlərinin azaldılması strategiyasını dəstəkləməkdir. Burada ölkənin əsas enerji istehlakçısı olan sektorlarının enerjiyə olan tələbatları nəzərə alınıb. Paralel olaraq, binalar və nəqliyyat sistemləri kimi əsas enerji istehlakçısı olan sektorlarda innovativ enerji səmərəliliyi və bərpa olunan enerji texnologiyaları təqdim edilir.
Layihənin açılışında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi səlahiyyətlərini icra edən Ercan Murat açılış çıxışı ediblər.
Tədbirdə NAMA layihələrinin beynəlxalq təcrübəsi və BMT-nin İnkişaf Proqramının bu sahədə fəaliyyətinə dair məruzələr dinlənilib.
AZERTAG.AZ :İqlim dəyişikliyinin təsirlərinin azaldılması strategiyasını dəstəkləyən yeni layihəyə start verilib
İqlim dəyişikliyinin təsirlərinin azaldılması strategiyasını dəstəkləyən yeni layihəyə start verilib