A–
Kuala Lumpur, 3 mart, AZƏRTAC
Mozambik sahillərində tapılan təyyarə parçasını tədqiq etmək üçün Malayziya Avstraliya ilə birlikdə öz mütəxəssislərini göndərəcək. Həmin parçanın 2014-cü ilin martında itmiş “Boeing-777” sərnişin təyyarəsinə aid olduğu güman olunur.
Bu barədə Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay məlumat verib. Nazir deyib: “Mülki Aviasiya Departamentinin, “Malaysia Airlines” şirkətinin, həmçinin təhqiqat briqadasının əməkdaşları tapılmış əşyanın xarakterini müəyyən etmək üçün birlikdə çalışacaqlar”. O əlavə edib ki, metal parçanın təqribən iki il bundan qabaq itmiş təyyarəyə məxsus olduğu barədə fikir yürütmək hələ tezdir və onun təsdiqini gözləmək lazımdır.
Nazir qeyd edib ki, Avstraliyanın qərbində yerləşən 120 min kvadratkilometrlik axtarış sahəsinin 90 min kvadratkilometri artıq axtarış əməliyyatının iştirakçıları tərəfindən təhqiq olunub.
Xatırladaq ki, 2014-cü il martın 8-də Pekinə uçan “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” sərnişin təyyarəsi havaya qalxdıqdan iki saat sonra radarların ekranlarından itib. Hadisədən bir müddət sonra Malayziya hökuməti təyyarənin qəzaya uğradığını və göyərtədə olanların hamısının həlak olduğunu təsdiq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur
AZERTAG.AZ :Mozambik sahillərində tapılan təyyarə parçasını Malayziya mütəxəssisləri tədqiq edəcəklər