Səidə Haqverdiyeva: “Bizim üstünlüyümüz kukla ilə çıxış etməyimiz oldu”

Səidə Haqverdiyeva: “Bizim üstünlüyümüz kukla ilə çıxış etməyimiz oldu”
15:39 4 Mart 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu uğur Cəmilə müəllimənin uğurudur. Uşaqların pedaqoqu odur. O, həmçinin, ssenarilərimizə quruluş verir, rejissordur”. Bu fikirləri APA.TV–nin “Səhər zəngi” verilişinin qonağı, yazıçı Səidə Haqverdiyeva deyib. 

O, qeyd edib ki, uşaqlarla işləmək həm zövqdür, həm onlar daha məsuliyyətlidirlər:  “Düşünmürəm ki, uşaqlarla işləmək çətindir. Onlarla işləyəndə çox böyük mənəvi zövq alırıq. Çünki onların hər sözü, hər kəlməsi səmimi olur. Nə düşündüklərini çox yaxşı bilirlər. Uşağa nə versən, onu da sənə qaytarar. Biz onlara sevgi veririk, əvəzini də alırıq. Studiyanın 15-dən çox üzvü var. Mütəmadi olaraq, ayda bir dəfə tamaşa nümayiş etdiririk. Çox məsuliyyətlə yanaşırlar. Müəllimlərinə çox məhəbbətlə qulaq asırlar”. 

Səidə Haqverdiyeva "Oyuq" teatr-studiyasının ilk böyük uğuru barədə ətraflı məlumat verib: “Yanvarın 11-dən fevralın 29-a qədər Rusiya Federasiyasında təşkil olunan “Caz karuseli” müsabiqəsində iştirak etdik. Müsabiqədə həm Rusiyanın bir çox şəhərlərindən, eyni zamanda başqa ölkələrdən uşaqlar iştirak edirdi. Uşaqlar musiqili tamaşalar nümayiş edirdilər. İstəyirəm, ədalətli olum. Çox güclü uşaqlar vardı. Amma bizim üstünlüyümüz kukla ilə çıxış etməyimiz oldu. Onlar həm kukla oynatdılar, həm canlı ifa etdilər. Tamaşaya görə “Qran-Pri” ni, ifaya görə isə 1-ci yeri qazandıq.  Selcan musiqisi Ramiz Mirişli, sözləri Ramiz Rövşənə məxsus “Tıq-tıq xanım” mahnısını, Aylin isə sözləri bizim aktyorumuz, baş rəssam İqbal Əliyevə, musiqisi Cahangir Zülfüqarova aid olan “Sehrli dünya” mahnısını ifa etdilər. Sözləri Cəmilə Allahverdiyeva, musiqisi Ülviyyə Bəbirliyə məxsus bir mahnı da ifa etdilər. Son nəticədə birincilik əldə etdilər”. 

O, bildirib ki, uşaqların uğur qazanmasının əsas səbəbkarlarından biri də rejissor və pedaqoq Cəmilə Allahverdiyevanın əməyi ilə bağlıdır: “Cəmilə xanım çox tələbkardır. Tamaşa çox qısa müddətdə hazırlandı. Çox gec saatlara qədər çalışırdılar. Kifayət qədər çətin bir prosesdən keçdik”.

S. Haqverdiyevanın sözlərinə görə, uşaqlar teatrda özlərini, daxildəki istedadı kəşf edə bilirlər, onlara sözlərini demək imkanını yaradılır: “Bundan başqa, uşaqlara nağıl qəhrəmanlarını, Azərbaycan ədəbiyyatını tanıdırıq. Bunlar çox önəmli nüanslardır. Elə uşaqlar var ki, böyüyəndə teatrı tərk etmək istəmir, əksinə, aktyor olmaq istəyir”. 

Qonaq qeyd edib ki, son illər kukla tamaşalarına maraq artıb: “Mən bu teatrda 6 ildir, çalışıram. Müşahidələrim göstərir ki, tamaşaçılarımız çoxalıb. Onlar arasında tanınmış insanlar çoxdur. Bu o deməkdir ki, biz teatr mədəniyyətini təbliğ edə bilirik”.  

Verilişin digər qonağı, pedaqoq və rejissor Cəmilə Allahverdiyeva bildirib ki, uşaqların həvəslə çalışması onlara olan inamı daha artırır: “Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərdiyinə görə dramaturq, rejissor Rəhman Əlizadə teatr studiyaya “Oyuq” adını verib. Bu, taxtadan oyma yolu ilə kuklaların hazırlanması ilə bağlıdır. Uşaqlar studiyaya müsabiqə yolu ilə cəlb olunur. Həvəslə çalışırlar, buna görə də yüksək nəticələr əldə edə bilirlər. Müsabiqəyə dəvət alanda çox da tərəddüd eləmədim. Çünki qızlar çox həvəslidirlər. Onlara tam güvənirəm. Səidə xanım təklif edəndə ki, həm kukla oynatsınlar, həm də canlı ifa etsinlər, onların bunu bacaracağına inandım. Uşaqlar enerji ötürməyi bacarırlar. Ümumiyyətlə, Kukla teatrı akademik teatr hesab olunur. Mən bunu Rəhman Əlizadənin tələbəsi olmuşam, bunu da ondan eşitmişəm. Məsələn, biz digər böyük teatrların tamaşaçısını hazırlayırıq. Kukla teatrı uşaqlara zövq aşılanmasının beşiyi hesab olunur. Yaradıcılıq uşaqlara humanizm hissini aşılayır”. 

"Oyuq" teatr-studiyasının üzvü Selcan Museyibova müsabiqə ilə bağlı təəssüratlarını bölüşüblər: “Qorxum yox idi. Cəmilə müəlliməyə də, Səidə müəlliməyə də təşəkkür edirəm. Bilirdik ki, yaxşı yer tutacağıq, müəllimlərimizin əziyyətini itirməyəcəyik”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/235105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR