A+
A–

Bakı, 7 mart, AZƏRTAC
İki il əvvəl yoxa çıxmış Malayziya Hava Yollarına məxsus Boeing (MH370) təyyarəsinin axtarışları iyul ayında dayandırıla bilər. Bunu Avstraliyanın nəqliyyatda təhlükəsizlik bürosunun rəhbəri Martin Dolan ABŞ-ın NBC telekanalının jurnalistlərinə bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, büro rəhbərinin sözlərinə görə, əgər təyyarə axtarış üçün nəzərdə tutulan ərazidə tapılmasa, bu iş dayandırılacaq. Artıq Hind okeanında Avstraliyadan qərbə doğru 120 min kvadratkilometr ərazinin dörddə üç hissəsi tədqiq olunub. Dəniz dibinin öyrənilməsinə 100 milyon dollar xərclənib.
Martin Dolan təyyarənin tədqiq olunmamış ərazidə tapıla biləcəyinə ümidlərin artdığını deyib. Belə ki, ötən həftə dünya mətbuatı Mozambik boğazında və Fransanın Hind okeanındakı Reyunon adasında itmiş avialaynerin qalıqlarına bənzər iki fraqment tapıldığına dair məlumat yayıb. Lakin avstraliyalı mütəxəssislər nəticə çıxarmaqda tələsməməyə və tapıntıların hərtərəfli ekspertizasını aparmağa çağırırlar.
Xatırladaq ki, 2014-cü il martın 7-dən 8-nə keçən gecə Kuala-Lumpur - Pekin aviareysini yerinə yetirən Malayziya aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi havaya qalxdıqdan təxminən iki saat sonra radarlardan itmişdi. Onun göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü vardı. Ötən ilin yanvarında Malayziyanın hakimiyyət orqanları təyyarənin qəzaya uğradığını və onun göyərtəsindəki 239 nəfərin hamısının həlak olduğunu bildirmişdi. Bu, 21-ci əsrin ən sirli aviaqəzası hesab edilir.
AZERTAG.AZ :İki il əvvəl yoxa çıxmış Malayziya təyyarəsinin axtarışları dayandırıla bilər