Goranboyda evə basqın edərək quldurluq etmiş qrup zərərsizləşdirilib. Hazırda polis cinayətkar dəstənin digər bu kimi əməllərdə iştirakını araşdırır.
Kəpəz TV (Region TV) xəbər verir ki, Goranboy rayon Bağçakürd kənd sakini 64 yaşlı Mina Məhərrəmova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə basqın olması barədə məlumat verib. Aparılan araşdırmalar zamanı məlum olub ki, 2 nəfər maskalı şəxs gecə saat 01:00 radələrində qanunsuz olaraq Mina Məhərrəmovanın evinə girərək qadına və onun 12 yaşlı nəvəsinin üzünə qaz balonu püskürdüb. Daha sonra cinayətkarlar evdə axtarış apararaq oradan 160 manat pul və 1500 manat dəyərində qızıl əşyaları aparıblar.
Gündüz Yusibov - müstəntiq: "Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin hadisəni törədən Gəncə şəhərində yaşayan İsgəndərov Ayaz Etibar oğlu və Xanov Mahmud Ağalar oğlu olublar. Keçirilən əməliyyat nəticəsində həmin şəxslər tutularaq istintaqa təhvil verilib. Hazırda istintaq hərəkətləri davam etdirilir".
Saxlanılan şəxslər götürdükləri borc pulu qaytarmaq üçün bu əmələ əl atdıqlarını deyirlər və tutduqları əməldən peşmandırlar.
Mahmud Xanov - saxlanılan şəxs: "Pula ehtiyacım var idi, dostumla bir yerdə oturmuşduq, qərara gəldik ki, oğurluq edək".
Ayaz İsgəndərov - saxlanılan şəxs: "1 uşağım var, ailəliyəm, elədiyim hərəkətə görə də peşmanam imkansızlıqdan bu yola əl atdım".
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş açılaraq, araşdırmalar aparılır.
Milli.Az

