Azərbaycan prezidenti İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
* * *
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507) aşağıdakı dəyişikliklər edilsin:
1. 53-1.5-ci maddəsində "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 53-1.7-ci maddə əlavə edilsin:
"53-1.7. İdman mərc oyunlarının operatorları idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.".
Milli.Az