A+
A–

Bakı, 11 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər Gəncədə, Sabirabad və Tərtərdə, həmçinin paytaxtın Binəqədi, Xəzər, Suraxanı, Sabunçu rayonlarında yerli polis idarə və şöbələrinin müvafiq qurumlarının iştirakı ilə keçirilib.
Səyyar xidmətlər zamanı Suraxanı rayonunda 36, Xəzər rayonunda 127, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 208, Sabunçu rayonunun Nardaran qəsəbəsində 106, Sabirabad rayonunun bir neçə kəndində 307, Gəncənin Kəpəz və Nizami rayonlarında 852, Tərtər rayonunda 350, ümumilikdə 2 minə yaxın vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
AZERTAG.AZ :İki minədək vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib