"Bakıda keçirilən növbəti Qlobal Forum həm Azərbaycanın özündə açıq hakimiyyət fəlsəfəsinin oturuşmasına xidmət etməsi, həm beynəlxalq iqtisadi əlaqələri genişləndirmək, dünyaya inteqrasiya və yeni bazarların tapılması baxımından, həm də Azərbaycan həqiqətlərinin bir daha keçmiş və indiki dövlət başçılarının, yüksək vəzifəli və tanınmış şəxslərin timsalında həmin dövlətlərin diqqətinə çatdırılması baxımından çox mühüm əhəmiyyət daşıyır".
Bunu Milli.Az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Millət vəklinin fikrincə, bu Foruma, ilk növbədə, milli maraqlarımız aspektindən yanaşmaq lazımdır:
"Əvvəla, bu, bir prestij məsələsidir. Çünki bu səviyyədə böyük bir beynəlxalq tədbirə ev sahibliyi etmək çox ciddi məsələdir. Digər tərəfdən, Azərbaycan bu tədbirdə sübut edir ki, Ermənistandan fərqli olaraq monoetnik bir ölkə yox, tolerant ölkədir. Burada müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri arasında ciddi dialoq, anlaşma və barış hökm sürür. Multikulturalizm deyilən ənənə Azərbaycanda qədimlərdən bəri oturuşub. Bu Forumda həm bu məsələlər sərgiləndi, həm də çağırışlar özlüyündə göstərdi ki, artıq Azərbaycanın haqqını müdafiə etmək üçün bir platforma yaranır. Qeyd edilir ki, Azərbaycan sadalanan istiqamətlərdə öz töhfəsini verir. Onda bəs nə üçün Azərbaycanın özünə qarşı münasibətdə beynəlxalq qaydalar tətbiq olunmur? Dövlət başçımızın çıxışında da bildirildi ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münasişəsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməsi indiyədək icra olunmayıb. Belə olmaz".
Qeyd edək ki, IV Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə ediləcək. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir.
İlkin İzzət
Milli.Az