Bakı, 18 fevral, AzərTAc
Fevralın 13-də saat 15 radələrində Xəzər rayonunu Buzovna qəsəbəsində dənizkənarı yaşayış sahələrinə gedən qumluq yolda 15 bıçaq xəsarəti ilə qətlə yetirilmiş naməlum qadın meyiti aşkar olunub.
Bakı Şəhər Baş Polis İdarəsindən AzərTAc-a bildiriblər ki, hadisə yeri polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə müayinə olunub, naməlum qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində müvafiq istintaq, əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qətlə yetirilmiş şəxsin bir gün sonra – fevralın 14-də 1968-ci ildə Oğuz rayonunda anadan olan, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Rzayeva Xatirə Saməddin qızı olması müəyyən edilib. Ona məxsus “Mеrsеdеs А 160” markalı avtomaşın Xəzər rayonunun Şağan qəsəbəsinin ərazisində, meyitin aşkar olunduğu yerdən 4-5 kilometr məsafədə atılmış vəziyyətdə tapılıb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış və Xəzər Rayon Polis idarələrinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib, mərhum Xatirə Rzayevanın həyat tərzi, əlaqədə olduğu şəxslərin dairəsi dəqiqləşdirilib, qətl hadisəsinin 1974-cü il təvəllüdlü, Sülеymаnоv Əmri Tоfiq оğlu tərəfindən törədilməsi müəyyənləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Əmri Sülеymаnоvun respublika ərazisini tərk etməsinə baxmayaraq, o, qonşu ölkədə saxlanılıb.
Cinayət hadisəsi ilə əlaqədar istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.