Adətən futbolçular karyeralarını bitirdikdən sonra da bu sahədən uzaqlaşmır, məşqçi və ya klub rəsmisi kimi çalışırlar.
Milli.Az apasport.az-a idtinadən bildirir ki, bəziləri isə daha böyük hədəfləri olduğundan, futboldan uzaqlaşmalı olurlar.
Hətta içlərində FİFA prezidenti və ölkə rəhbəri olmaq istəyənlər də olub. Bu yazıda da onlardan bəzirləni xatırlayacağıq.
Senator Romario
Braziliyanın yetişdirdiyi ən dəyərli hücumçulardan olan, karyerasında 1000-dən çox qol vuran Romario 2008-ci ildə butslarını mıxdan asdıqdan sonra siyasətə atılıb. Ölkəsində Sosialist Partiyası tərəfindən namizədliyi irəli sürülən 50 yaşlı futbol adamı 2010-cu ildə deputat seçilib. 2014-cü ildə isə Romario Rio-de-Janeyroda rekord sayda səslə senator seçilib. Braziliyada keçirilən DÇ-2014-ün təşkilində onun da köməyi böyük olub. Hətta həmin ərəfələrdə FİFA prezidentliyinə namizədliyini vermək fikrinə də düşüb.
Şevçenkonun qısa siyasətçi karyerası
Kiyev "Dinamo"su və "Milan"ın heyətində parlaq çıxışı ilə tanınan Andrey Şevçenko 2012-ci ildə karyerasını bitirərək siyasətə addım atıb. Ukraynada Sosial Demokrat Partiyasının namizədləri arasında Parlament seçkilərinə qatılan Şevanın arzusu ürəyində qalıb. Çünki həmin partiya az səs toplayınca, Şevçenko da siyasət xəyalları ilə erkən vidalaşıb. Ukrayna yığmasına yenicə köməkçi-məşqçi vəzifəsinə gətirilən 39 yaşlı sabiq forvard kimsəsiz uşaqlara kömək edən xeyriyyə qurumlarının bir çoxunun da səfiridi.
Klub sahibi Bekhem
Öz oyunu ilə müasir futbolun populyarlaşmasında önəmli rol oynayan Devid Bekhem ABŞ-ın I liqasında çıxış edən "Mayami Yunayted" klubunu alıb. Bekhem 2013-cü ildə peşəkar karyerasını bitirsə də, reklam gəlirlərinə görə, hələ də dünyanın ən varlı idmançıları arasında yer alır. Onun adına kitablar yazılıb, hətta filmlər də çəkilib. "Mayami Yunayted"i 2018-ci ildə MLS liqasına daşımaq istəyən ingiltərəli əfsanə yeni stadionun inşası və ulduz transferlər üçün səhmdarlar axtarışındadı. Bununla bağlı hazırda PSJ-nin prezidenti Nasir Əl-Xalifi ilə danışıqlar da aparılır.
FİFA prezidenti olmaq istəyən Fiqu
Oyun zəkası ilə azarkeşlərin yaddaşında qalan Luiş Fiqu ötən il FİFA prezidentliyinə namizədliyini irəli sürərək, yenidən gündəmə gəlib. "Barselona", "Real", "İnter" kimi Avropa nəhənglərinin formasını geyinmiş Portuqaliya futbolunun əfsanəvi siması ali futbol qurumunun sabiq rəhbəri Zepp Blatterin 4 rəqibi sırasında yer alırdı. Ulduz futbolçuların və məşqçilərin də dəstəkləyidi 43 yaşlı futbol adamı sonradan digər namizədlərin Blatterə qarşı birləşməsinin tərəfdarı olub və namizədliyini geri götürüb. Doğrudu, həmin seçkilərdə Blatter qalib gəldi. Lakin təzyiqlərə tab gətirməyən isveçrəli sabiq rəhbər əvvəlcə istefa verib, sonradan isə futboldan 8 il uzaqlaşdırılıb. 3 qız atası olan Fiqu hazırda xeyriyyə şirkətləri ilə birlikdə vərəm xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etməklə məşğuldu. O, həmçinin "İnter" klubunda da fəaliyyətini davam etdirir.
Ölkə prezidentliyi son anda əlindən çıxan Vea
Üç dəfə Afrikada, bir dəfə isə FİFA tərəfindən dünyada ilin futbolçusu seçilən Corc Vea 2003-cü ildə karyerasını bitirdikdən sonra da liberiyalıların idealı olmaqda davam etdi. UNİCEF-in xoşməramlı səfiri seçilən 49 yaşlı futbol adamı 2005-ci ildə Liberiya prezidentliyinə namizəd idi. Həmin vaxt çox az fərqlə məğlub olsa da, 2014-cü ildə senat seçilməyi bacarıb.
Federasiya prezidenti Şuker
Futbol karyerasında "Sevilya", "Real" və "Arsenal" kimi klubların formasını geyinmiş və öz dövrünün ən güclü hücumçuları arasında göstərilmiş Davor Şuker karyerasını bitirdikdən sonra gənclərin yetişməsi üçün Zaqrebdə futbol məktəbi açıb. Futbol idarəçiliyinə marağı get-gedə artan 48 yaşlı Şuker 2012-ci ildən bəri Xorvatiya Futbol Federasiyasının prezidenti vəzifəsini daşıyır.
Aktyor Kantona
Futbolçu ikən mükəmməl texnikası, güclü fiziki göstəriciləri və çılğınlığı ilə yaşıl meydanlara rəng qatan Erik Kantona 1997-ci ildə karyerasını bitirdikdən sonra film sektoruna üz tutub. Məşhur avstraliyalı aktrisa Keyt Blanşettlə 1998-ci ildə "Elizabet" filminə çəkilən Kantona 10 il sonra komediya filmi olan "Fransız filmi"ndə rol alıb. Həmçinin 2009-cu ildə "Erikin həyatına baxış" filmi işıq üzü görüb. Həmin film Kantonanın həyatından bəhs edir. 2010-cu ildə isə Kantona həyat yoldaşının səhnələşdirdiyi "Cənnət üzü" tamaşasında rol alıb.
Milli.Az