"İnsanların Novruz bayramını fərd olaraq necə qeyd etməsi onların hər birinin ayrılıqda həyat tərzindən, əhval-ruhiyyəsindən asılıdır. Məsələn, vəzifəyə yeni təyin olunan insanlar bu bayramı yeni, xoş əhval-ruhiyyədə qeyd edirlər. Vəzifədən çıxarılanlar üçün isə bu, necə bayram ola bilər? Cibində pulu olanların keyfi həmişə yüksək olur, Novruz bayramı da onun üçün bir əlavə stimul olur. Kasıbların, pulu, imkanı olmayanlar üçün isə əksinə, hətta bir az da qayğılı günlər başlayır. Daxilində mənəvi gücü, sağlam qüvvəsi olsa da, onun üçün maddi baxımdan çox çətin olur. Odur ki, yalnız mənəviyyatla maddiyyat qovuşanda insanın əhvalı zirvəyə qalxa bilir. Ona görə də bu bayrama standart yanaşma yoxdur. Amma, ümumən, bu bayram bütün ölkəmizdə xalq tərəfindən yüksək əhval-ruhiyyə ilə keçirilir. Novruzun dövlət səviyyəsində qeyd edilməsi isə ona bir az da rəsmi don geyindirməklə yanaşı, bu bayramın hörmət-izzətini də qaldırır".

Bunu Milli.Az-a açıqlamasında Novruz bayramı barədə fikrilərini bölüşən Milli Məclisin Regional məsələlər və Mədəniyyət komitələrinin üzvü Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Novruz bayramı insanların ruhunun oyandığı, bütün dünyada qanın qaynamağa başladığı dövr hesab olunan, qışın soyuğundan sonra günəşin isti havasının, istiliklə yanaşı insanlara sevinc, fərəh gətirən fəslin - yazın gəlişi deməkdir:

"Novruz həm də yeni ilin gəlişi kimi qəbul olunur. Elə elmi cəhətdən də, astronomik təqvimlə də ilin yenilənməsi Novruz bayramına, martın 20-21-nə təsadüf edir. Amma Sovet dönəmində buna bir dini don geyindirilmişdi, hətta onun qeyd olunmasına müəyyən qadağalar qoyulmuşdu. Kimin evində papağı, çadrası var idisə, Sovet hökumətinin düşməni hesab olunurdu. O cümlədən də, Novruz da dini-milli bayram hesab edilirdi və qeyd edilməsi qadağan olunmuşdu. Lakin sonradan, xüsusən də Nikita Xruşşovun hakimiyyəti vaxtlarında siyasi situasiyanın, həyata baxışın nisbətən yumşalması bu məsələyə təsirini göstərdi və ötən əsrin 60-ci illərindən başlayaraq dövlət səviyyəsində Novruzun bayram kimi qeyd edilməsi gündəmə gəlməyə başladı".
Millət vəkilinin fikrincə, Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra isə bu bayram hər il özünəməxsus formada keçirilir: "İstər vaxtilə ümummilli lider Heydər Əliyevin, istərsə indi prezident İlham Əliyevin hər il Novruz bayramını millətlə, xalqla bir yerdə qeyd etməsi, bayram şənliyinə qoşulması, məmurların, millət vəkillərin, hər kəsin bir yerdə olub eyni sırada addımlaması onun kifayət qədər milli əhval-ruhiyyədə bir bayram olduğunu təsdiq edən amillərdəndir".
İlkin İzzət
Milli.Az