A+
A–

Bakı, 16 mart, AZƏRTAC
Martın 15-də Çerkessk şəhərində Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası müsəlmanlarının IX Qurultayı keçirilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AZƏRTAC-a bildiriblər ki, qurultayda Rusiya Federasiyasının Şimali Qafqaz Federal dairəsinin subyektlərinin ruhani idarələrini təmsil edən qonaqlar iştirak ediblər. QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qonaqlar arasında olub.
Şimali Qafqaz Xalqlarının Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev Ruhani İdarəsinin ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatla çıxış edib. O bildirib ki, Qaraçay-Çərkəzdə 130 məscid fəaliyyət göstərir. Bu ibadət ocaqlarının işinə 118 imam cavabdehdir. Onlardan 30-u Əbu Hənifə adına İslam İnstitutunun məzunudur. “Həqiqi İslamın təbliğ edildiyi məscidlərin tikintisi mənəvi və əxlaqi dəyərlərin möhkəmlənməsinə, dini maarifçiliyin genişləndirilməsinə, nəticədə isə terror və ekstremizmin kökünün kəsilməsinə xidmət edir”, -deyə İ.Berdiyev bildirib.
Nümayəndələr sədrin hesabatını qəbul ediblər.
Qurultaydakı müzakirələrdən sonra açıq səsvermə yolu ilə İsmayıl Berdiyev yenidən Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri və müftisi seçilib.
Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə də sədrin fəaliyyətini müsbət qiymətləndirib: “İsmayıl Berdiyev Qafqaz xalqlarının birliyi, çoxmillətli cəmiyyətdə mənəviyyat və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə illərlə göstərdiyi fəaliyyəti ilə özünün təcrübəli və müdrik din xadimi olduğunu təsdiq edib”.
Şeyxülislam, həmçinin Azərbaycanda öz bəhrəsini verən dinlərarası əməkdaşlığın unikal təcrübəsi barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib: “Tolerantlıq və multikulturalizm müstəqil Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq dövlət strategiyası kimi çıxış edir. Bu strategiya Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili” elan edən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir”.
Qurultayın sonunda müfti İsmayıl Berdiyev Ruhani İdarəsinin yeni təsis olunan medalını bir neçə din xadiminə təqdim edib. Təltif edilənlər arasında İranın Ali Dini rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-İslam Əli Əkbər Ocaq Nejat da var.
Qurultayda Rusiya müsəlmanlarına və Prezident Vladimir Putinə müraciət qəbul edilib.
AZERTAG.AZ :Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası müsəlmanlarının IX Qurultayı keçirilib