A+
A–

Bakı, 17 mart, AZƏRTAC
Yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar olaraq AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən AZAL-ın uçuş cədvəlinə düzəlişlər olunacaq.
Təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, "Azərbaycan Hava Yolları"nın bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportu AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
"Azərbaycan Hava Yolları" QSC-nin bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.
Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya callcenter@azal.az e-mailinə yazmaq mümkündür.

AZERTAG.AZ :Yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar olaraq AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq