Bakı, 18 fevral, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Nizami Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.
KİVDF-dən AzərTAc-a bildirilib ki, tədbir Nizami Rayon İcra Hakimiyyətinin ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı çərçivəsində keçirilib.
İcra hakimiyyətinin başçısı Tahir Budaqov 2014-cü ildə rayonun sosial-iqtisadi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlardan danışıb.
İcra başçısı rayonda görülmüş işlərin, əldə olunan uğurların və bəzi nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib. O, rayon icra hakimiyyəti ilə KİV arasında sıx əlaqələrin qurulduğunu bildirib, Fondla birgə təşkil olunan fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edib.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə senzuranın ləğv edildiyini, söz, fikir və məlumat azadlıqlarının təmin olunduğunu, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırıldığını, ölkə miqyaslı KİV-lərin yubileylərinin keçirildiyini xatırladıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkə başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" və həmin Konsepsiya əsasında 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsi KİV-lərə dövlət dəstəyinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinə imkan yaratdı. Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına yaşayış binalarının inşası dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd qarşılıqlı əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə çatdırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır.
Bu il Azərbaycan mətbuatının 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunacağı, bu münasibətlə Fondun yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə birgə tədbirlər təşkil edəcəyi də diqqətə çatdırılıb.
İcraçı direktor KİVDF-nin Nizami Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 4-dən dekabrın 24-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 37 yazının daxil olduğunu söyləyib. Müsabiqə üzrə 6 jurnalistin əsas, 15 jurnalistin həvəsləndirici mükafata layiq görüldüyü, ümumilikdə 21 jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğu qeyd edilib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.