A+
A

Bakı, 17 mart, Nihad Budaqov, AZƏRTAC
London birjası (“London Stock Exchange”) ilə Frankfurt (“Börse Frankfurt”) birjası birləşməyə qərar veriblər. İki birjanın birləşməsi ilə yaradılacaq 26 milyard avro dəyərindəki yeni şirkət dünyanın ən böyük birjalarından biri olacaq.
AZƏRTAC “bbc.com”a istinadla xəbər verir ki, razılaşmaya görə London birjasının səhmdarları yeni şirkətdə 45,6 faizlik, Frankfurt birjasının səhmdarları isə 54,4 faizlik paya sahib olacaqlar. Birjaların birləşməsi, eyni zamanda, ildə 400 milyon avrodan çox qənaətə şərait yaradacaq. Bu məbləğ iki birjanın keçən il xərclədiyi 2,2 milyard avroluq müəssisə xərclərinin təxminən 20 faizini təşkil edir.
“UK TopCo” adlanacaq yeni şirkətin mərkəzi ofisi İngiltərədə yerləşəcək. Şirkətin London və Frankfurtdakı ana mərkəzləri isə hazırda olduğu kimi öz fəaliyyətlərini davam etdirəcəklər. Birləşmə prosesinin bu ilin sonuna və ya gələn ilin əvvəlinə kimi yekunlaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, London birjası 2007-ci ildə mərkəzi ofisi Milanda yerləşən İtaliya birjasını tərkibinə qatmışdı.

AZERTAG.AZ :London və Frankfurt birjaları birləşmək qərarına gəliblər
London və Frankfurt birjaları birləşmək qərarına gəliblər