A+
A–

Kiyev, 23 mart, AZƏRTAC
Martın 27-dən etibarən “Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkətinin Kiyev–Bakı–Kiyev, Odessa–Bakı–Odessa və Kiyev-Riqa–Kiyev reyslərində “yalnız əl yükü” tarifləri əlyetərli olacaq.
AZƏRTAC Ukraynanın delo.ua portalına istinadla xəbər verir ki, MAU aviaşirkəti sərnişinlərin “yalnız əl yükü” tarifi üzrə bilet ala biləcəkləri müntəzəm reyslərin siyahısının genişləndirilməsini elan edib. Belə tarif yüksüz səyahətçilərin daha ucuz qiymətə bilet alaraq qənaət etmələrinə imkan verəcək.
Bu reyslərə bilet alarkən sərnişinlər üç mümkün seçimdən birini seçə biləcəklər: yüksüz (ekonom-sinif) uçuş, çəkisi 23 kq-a qədər olan bir yük yeri ilə uçuş (ekonom-sinif) və ya hər birinin çəkisi 23 kq-a qədər olan iki yük yeri ilə uçuş (biznes-sinif).
Əgər biletin qiymətini “yalnız əl yükü” tarifi üzrə ödəmiş sərnişinə sonradan yüklə uçmaq lazım gələrsə, bir istiqamətdə birinci yük yerinin daşınması 15 dollara başa gələcək. Bu şərtlə ki, ən geci uçuş vaxtına 24 saat qalmış ödəniş edilsin.
MAU-da “yalnız əl yükü” tarifləri ilə bağlı eksperimenti uğurlu hesab edirlər.
MAU-da deyiblər: ““Yalnız əl yükü” tarifləri ilə bağlı eksperimentə start veriləndən bəri Vilnüsə (Vilnüsdən) uçan reyslərin 3 mindən çox sərnişini və Təl-Əvivə (Təl-Əvivdən) uçan reyslərin 11 mindən çox sərnişini bu tariflərdən istifadə edib. Bu, tariflərin yeni növünün əlyetərli olduğu reyslərin siyahısını genişləndirməyə əsas verir”.
Gələcəkdə “yalnız əl yükü” tariflərini bir sıra Avropa marşrutlarında da tətbiq etmək planlaşdırılır.
“Yalnız əl yükü” tarifləri mövcud tarif şəbəkəsinə əlavə olaraq tətbiq edilib. MAU-nun bütün reyslərinə əvvəlki qaydada, yəni qeydiyyata alınmış yük yerinin dəyəri daxil edilmiş biletləri də almaq olar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
AZERTAG.AZ :Ukrayna aviaşirkətinin “yalnız əl yükü” tarifi ilə reysləri Bakıya da uçacaq