A–
Tokio, 24 mart, AZƏRTAC
Mozambik sahillərində tapılan təyyarə parçaları, çox güman ki, iki il bundan əvvəl Hind okeanında itmiş “Malayziya Hava Yolları”na məxsus “Boeing-77-200”ə aiddir. Bu barədə martın 24-də Avstraliyanın infrastrukturun inkişafı və nəqliyyat naziri Darren Çester məlumat verib.
Xəbər verdiyimiz kimi, avstraliyalı mütəxəssislər Mozambik sahillərində tapılan “Malayziya Hava Yolları”na məxsus təyyarəyə aid olduğu güman edilən qırıntıların analizinə başlayıblar.
İşlərin gedişi barədə məlumat verən nazir deyib: “Analizlər təsdiq edir ki, tapılan parçalar MH370 reysi ilə uçan təyyarənin qırıntılarıdır. Şərqi Afrika sahillərində bu parçaların aşkar edilməsi Avstraliya Dövlət Elmi və Tətbiqi Təhqiqatlar Birliyinin (CSIRO) mütəxəssisləri tərəfindən tərtib edilmiş okean axınlarının modelinə də uyğun gəlir və itmiş laynerin Hind okeanın cənubunda axtarışının düzgünlüyünü təsdiq edir”.
“Malayziya Hava Yolları”na məxsus “Boeing-777-200” sərnişin təyyarəsi 2014-cü il martın 7-dən 8-ə keçən gecə Kuala Lumpur-Pekin reysini həyata keçirərkən radarların ekranlarından itib. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Ötən ilin yanvarında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını və göyərtədəki sərnişinlərin həlak olduğunu təsdiq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Mozambik sahillərində tapılan təyyarə parçalarının itmiş “Boeing-77-200”ə aid olduğu güman edilir