A–
Şəki, 24 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb bölgəsi geniş turizm potensialına malikdir. Yol infrastrukturunun ildən-ilə yaxşılaşdırılması, müasir tələblərə cavab verən yeni otel və istirahət mərkəzlərinin istifadəyə verilməsi, münasib qiymətlər bölgəyə turist axınının artmasını şərtləndirən başlıca amillərdəndir.
Bu sözləri “E&C Travel” turizm şirkətinin nümayəndəsi Cavad Cavadov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Əsasən ölkədaxili turlarla məşğul olduqlarını diqqətə çatdıran şirkətin nümayəndəsi əsas məqsədlərinin yerli və xarici turistlərə Azərbaycanı daha yaxından tanıtmaq, təbliğ etmək və sevdirmək olduğunu bildirib. Şirkətin nümayəndəsinin dediyinə görə, bu dəfə bölgəyə 40 nəfərlik qrupla gəliblər. Qrupun tərkibinə yerli turistlərlə yanaşı, Türkiyə, Pakistan və digər xarici ölkələrdən olan qonaqlar da daxil edilib. Yol boyu ekskursiya iştirakçılarına Qax, Şəki, Qəbələ, həmçinin bölgənin digər rayonlarının tarixi məkanları, təbiəti, mədəniyyəti, görməli yerləri və mətbəxi barədə ətraflı məlumat verilib. Turistlər özləri də internet vasitəsi ilə bu rayonlar barədə xeyli məlumat əldə ediblər. Ekskursiya iştirakçıları turun proqramından, həmçinin otellərdəki qiymətlərdən, xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.
AZERTAG.AZ :Turizm şirkətinin əməkdaşı: Məqsədimiz Azərbaycanı turistlərə daha yaxından tanıtmaq və sevdirməkdir