Bakı, 19 fevral, AzərTAc
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti Azərbaycan-Amerika Ticarət Palatası (AmCham) tərəfindən təsis edilən “Təhsil üzrə ən yaxşı KSM layihəsi” nominasiyasında birinci yerə layiq görülüb.
Şirkətdən AzərTAc-a bildirilib ki, müsabiqəyə AmCham üzvü tərəfindən 70-dək layihə təqdim olunub.
Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində icra olunan “İcma əsaslı reabilitasiya” layihəsi çərçivəsində əlilliyi olan uşaqların sosial ünsiyyət bacarıqlarının artırılması ilə yanaşı, onlara sosial reabilitasiya xidmətləri göstərilir. 2010-cu ildən bu layihə sayəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar idman, rəqs, dram, incəsənət, kompyuter, foto və digər faydalı dərnəklərdə müxtəlif bacarıqlara yiyələniblər. Bununla yanaşı, uşaqlar üçün mütəmadi olaraq müxtəlif bayram tədbirləri və gəzintilər təşkil olunub. Layihə 260-dan çox uşağı əhatə edir.