A–
Tokio, 29 mart, AZƏRTAC.
“Malayziya Hava Yolları” şirkətinə məxsus itmiş “Boeing-777-200” sərnişin təyyarəsinə aid olduğu güman edilən daha bir hissə Cənubi Afrika Respublikası (CAR) sahillərində tapılıb. Bu barədə martın 29-da Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay məlumat verib.
CAR və Mozambik sahillərində itmiş təyyarənin parçalarının tapılması barədə əvvəllər də məlumat verilmişdi. Malayziya hökuməti tapılan parçaların ekspertizasının aparılması və yeni parçaların axtarışı məqsədilə əraziyə xüsusi komanda göndərilməsi barədə göstəriş verib.
Nazirin sözlərini sitat gətirən “Straits Times” qəzeti yazır: “Biz ilk növbədə bu parçanın “Boeing-777-200” sərnişin təyyarəsinə aid olduğunu aydınlaşdırmalıyıq”.
Onun sözlərinə görə, parça martın 28-də aşkar olunub. Nazir əlavə məlumat verməyib.
Xəbər verdiyimiz kimi, avstraliyalı və malayziyalı mütəxəssislər bir qədər əvvəl Mozambik sahillərində aşkarlanan hissələrin itmiş təyyarəyə məxsus olduğunu təsdiqləyiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :İtmiş “Boeing-777-200” sərnişin təyyarəsinin daha bir hissəsi CAR sahillərində tapılıb