Azərbaycanda valyutadəyişmə ilə bağlı problemlər aradan qaldırılmasa, bu, gələcəkdə ölkəyə turist axınına mənfi təsir göstərəcək.
Bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, o, hələ bir neçə gün öncə Mərkəzi Banka Novruzla əlaqədar bayram günlərinin sayının çoxluğunu nəzərə alaraq, valyuta dəyişdirilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görülməsi üçün müraciət edib. Çünki belə olmayacağı halda bu, artıq formalaşmış "qara bazar"ın genişləndirilməsinə gətirib çıxaracaqdı: "Təəssüf ki, Mərkəzi Bank qabaqlayıcı tədbirlər görmədi. Nəticədə bu fəaliyyətsizlik "qara bazar"ın işinə yaradı və turizmin inkişafına deyil, "qara bazar"da dəllalların qazanc əldə etməsinə gətirib çıxardı".

Ekspertin fikrincə, ölkəyə gələn turistlərin valyuta dəyişməsi və bunula bağlı xidmətdən istifadə edə bilməsi olduqca vacibdir: "Təkcə bayramda deyil, şənbə-bazar günlərində də ölkəyə gələn turist və ya yerli vətəndaş "qara bazar" olmadan pulunu dəyişə bilmir. Həmin adamlar məcburdurlar ki, pulunu "qara bazar"da fərqli məzənnə ilə dəyişsinlər. Belə olduqda əcnəbilərin aldadılması, saxta valyutaların satılması riski kifayət qədər yüksəlir. İndiki halda "qara bazar"a nəzarət mexanizmi nəinki zəifdir, ümumiyyətlə, yoxdur. Belə risklərin olmasına baxmayaraq, təəssüf ki, bayram günlərində valyutadəyişmə prosedurlarının tənzimlənməsi ilə bağlı addımlar atılmadı.

İstər aparılan monitoriqlər, istərsə də KİV-də gedən məlumatlara əsasən demək olar ki, Bakıya gələn turistlərin ən ciddi problemi və rastlaşdıqları çətinliklər vayutanın dəyişməsi ilə bağlı olub. Nəzərə alsaq ki, digər şənbə-bazar və ya bayram günlərində belə problemlər yenidən müşahidə edilə bilər, o zaman Mərkəzi Bank xüsusən MDB ölkələrinin təcrübəsinə əsasən, hava limanlarında, dəmiryolu vağzalında, beynəlxalq avtovağzalda və otellərdə valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilməlidir və həmin məntəqələr həm həftəsonları, həm də bayram günləri fəaliyyət göstərməlidir.
Təsəvvür edin, bazar günü qatarla Bakıya gələn turist vağzalda düşür. Əgər onun bank kartı yoxdursa, o zaman pulunu bankda dəyişmək üçün məntiqlə küçədə, ya da vağzalda yatıb gözləməlidir ki, bazar ertəsi olsun, banka getsin və orada pulunu nağd dəyişsin. Əks halda onun pulunu dəyişmək imkanı yoxdur. Çünki edilən yeni dəyişikliklərə görə, ölkədə nağd yolla valyutadəyişmə əməliyyatları yalnız banklarda aparıla bilər. Gələn turistlər adətən "qara bazar"ın harada və necə fəaliyyət göstərməsi ilə də bağlı məlumatsız olurlar. Bu baxımdan sadaladığımız yerlərdə valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilməli və onlar qeyri-iş günlərində də çalışmalıdırlar. Ümumiyyətlə, bayram günlərinin sayı çox olduqda məqsədəuyğun olardı ki, banklara növbəli və ya mərhələli iş rejiminə keçidlə bağlı tövsiyə məktubu göndərilsin. Biz bunu Mərkəzi Banka təklif etmişdik, amma təəssüf ki, gerçəkləşmədi. Amma Mərkəzi Bankın belə bir təkliflə çıxış etməsinə ciddi ehtiyac var və bununla bağlı real addımlar atılmalıdır. Xüsusən də bank şöbələrinin növbəli rejimdə işləməsi mümkündür ki, vətəndaşlar ən azından valyutadəyişmə əməliyyatlarını həyata keçirə bilsinlər".

İqtisadçı hesab edir ki, ümumiyyətlə, ölkədə valyutadəyişmə məntəqələrinin ləğv edilməsi doğru addım deyildi: "Əvvəla, bu addım 6 min insanın işsiz qalmasına gətirib çıxardı, digər tərəfdən də valyuta satışında xeyli çətinliklər yaratdı və nəticədə bankların özünün "qara bazarı" formalaşdı. Xaricdən gələn turistlərin Azərbaycana səfərinə, əsasən, Bakıdan başladığını nəzərə alaraq, paytaxtın hər rayonunda bir neçə valyutadəyişmə məntəqəsinin fəaliyyətinə icazə verilməlidir. Bununla bağlı tender keçirilə, yaxud eyni anda bir və ya bir neçə banka valyutadəyişmə məntəqəsinə sahib olmaq səlahiyyəti verilə bilər. Həmin məntəqələr də həftədə 7 gün işləməklə yerli vətəndaşları və turistləri valyuta ilə təmin edə bilərlər.

Bundan əlavə, şəhərdə mübadilə bankomatlarının sayının artırılmasına ehtiyac var. Bununla bağlı Mərkəzi Bankın kommersiya banklarının öhdəliklərini müəyyənləşdirməsi vacibdir. Mübadilə bankomatları da həftədə 7 gün fəaliyyət göstərməlidir ki, vətəndaş həmin bankın kursuna uyğun olaraq bankomatdan valyuta ala bilsin. Bankomatlar tərəfindən vətəndaşa gün ərzində ən azı nağd formada 1000 dollar məbləğində valyuta alıb-satılmasına şərait yaradılmalıdır. Bu, həm yerli vətəndaşların, həm də xarici turistlərin valyuta ehtiyaclarının ödənilməsi baxımından olduqca vacibdir. Məsələn, şəxs bankomatda 500 dollar alacağını seçir. Bankomat məzənnəyə uyğun olaraq göstərir ki, 750 manat daxil edilməlidir. Şəxs həmin məbləği daxil edib dolları alır. Və ya əksinə, manatı daxil edib xarici valyuta əldə edə bilir. Hələlik, paytaxtda belə bankomatların sayı cəmi 5-6 ədəddir. Onların sayının çoxalmasına və bu şəbəkənin genişləndirilməsinə, eyni zamanda bankomatların özünün də banklar tərəfindən mütəmadi olaraq valyuta ilə təmin edilməsinə ehtiyac var. Bu, insanların valyuta dəyişməsini həm rahat, həm də təhlükəsiz edir".

Ekspert hesab edir ki, bizdə bankomatlarda digər banka aid hesabdan və ya lazım olan valyutada pul çıxarılarkən 4 faiz xidmət haqqı tutulması absurddur: "İnkişaf etmiş heç bir ölkədə bu qədər yüksək faiz dərəcəsi yoxdur. Mövcud məzənnəyə uyğun olaraq pulu çevirirsənsə və əgər Mərkəzi Bank da qeyd edirsə ki, ölkədə valyuta qıtlığı yoxdur, o zaman konvertasiya üçün niyə 4 faiz tutulmalıdır? Bu zaman yalnız nağdlaşdırma faizi tutula bilər. Yəni İrandan gələn turist burada bankomatdan 1000 dollar pulu manata çevrirərək çıxarırsa, o zaman ondan yalnız məzənnədəki fərq tutulmalıdır və o, əlavə faiz ödəməməlidir. Amma indiki halda faizin yüksək olduğundan əcnəbilər hesablarından bank və ya bankomatlar vasitəsilə pul çıxarmaqda o qədər də maraqlı olmurlar".

İSİM rəhbərinin qənaətincə, bütün bu təkliflər reallaşmasa, mövcud problemli vəziyyət ölkəyə turist axınına ciddi şəkildə mənfi təsir göstərəcək: "Çünki hər bir mövcud turist gələcəkdə özü ilə yanaşı, 5-10 əlavə potensial turistin cəlb olunması deməkdir. Belə problemlər, çətinliklərlə üzləşən turistlər həm özü bir daha yenidən Azərbaycana gəlmək istəməyəcək, həm də həmvətənlərini və ya yaxınlarını buna təşviq etməyəcək. Əksinə, hələ bura gəlmək istəyənləri də fikrindən daşındıra bilər. Ona görə də bütün bu problemlər aradan qalxmalıdır ki, növbəti dəfə ölkəyə turistlərin gəlməsinə mənfi təsir göstərməsin".
İlkin İzzət
Milli.Az