A–
Naxçıvan, 30 mart, AZƏRTAC
Aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hazırda Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud 825 uşaq ümumtəhsil məktəblərində təhsil alır.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant tədris üzrə pedaqoji kadrlar üçün keçirilən seminarda bu barədə danışılıb.
Seminarda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribovun, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin çıxışları dinlənilib.
Çıxışlarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Bildirilib ki, məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü demək olar. Məktəb psixoloqları psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənməli, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməlidirlər. Onlar şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyənləşdirərək uşaqları ibtidai təhsil pilləsindən ümumi orta, tam orta təhsil pillələrinə və peşə məktəblərinə keçərkən psixoloji müayinə etməli, müəllim və valideynlərlə birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlamalıdırlar.
Vurğulanıb ki, təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların məktəblərdə təhsilə marağını artırmaq, onları bu mühitə alışdırmaq ibtidai sinif müəllimlərinin, məktəb psixoloqlarının bacarıq və iş prinsipindən çox asılıdır.
Sonra Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Allahyarova, Heydər Əliyev adına tam orta məktəbin ibtidai sinif müəllimi Fəridə Məmmədova çıxış ediblər.
Xatırladaq ki, bu qəbildən seminarların muxtar respublikanın bütün rayon mərkəzlərində keçirilməsi nəzərdə tutulub.
AZERTAG.AZ :Muxtar respublikada sağlamlıq imkanları məhdud 800-dən çox uşaq ümumtəhsil məktəblərində təhsil alır