A+
A–

Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Sosial sığorta haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsi müzakirə olunub. Həmçinin “Turizm haqqında” qanun layihəsinin ilkin müzakirəsi təşkil edilib.
Komitə sədri Hadı Rəcəbli əvvəlcə “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə layihəni təqdim edib. Bildirib ki, Qanunun 14-cü maddəsinə əlavə edilən “Qeyd”də deyilir: “Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür”.
“Turizm haqqında” qanun layihəsinin ilkin müzakirəsi zamanı H.Rəcəbli belə bir Qanunun ilk dəfə 1999-cu ildə qəbul edildiyini söyləyib. Əvvəlki Qanunun bu günün tələblərinə cavab vermədiyini deyən komitə sədri onun yenidən işlənib hazırlanmasının zəruriliyini qeyd edib. Bildirilib ki, layihənin hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb. Yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb.
H.Rəcəbli hazırda ölkəmizdə 400-dən çox mehmanxananın fəaliyyət göstərdiyini, 223 muzey, 29 teatr, 6300 tarixi abidə, 27 qoruq olduğunu deyib.
Aparılan müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
AZERTAG.AZ :“Turizm haqqında” qanun layihəsinin ilkin müzakirəsi aparılıb