Brüsseldə Avropada təhlükəsizliyə dair toplantı keçirilir

Brüsseldə Avropada təhlükəsizliyə dair toplantı keçirilir
19:58 19 Fevral 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Fevralın 19-da Belçikanın paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı öz işinə başlayıb. Bu ilin aprelində Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumuna hazırlıq xarakteri daşıyan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, keçmiş nazirlər, tanınmış siyasi xadimlər iştirak edirlər.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, toplantıda dini radikalizm məsələsində əsas prinsiplər, bu istiqamətdə Avropa İttifaqının rolu, qitədə etimadın bərpası və sülhün təşviq edilməsi istiqamətində qlobal liderlərin addımları, bu sahədə qadınlara və gənclərə səlahiyyətlərin verilməsi, sosial medianın rolu və digər məsələlər müzakirə olunur.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa toplantıda çıxış edərək Avropada etimadın bərpa olunması, sülh və sabitliyin qorunması barədə danışıb. Bildirib ki, bu məsələdə bir sıra ölkələr beynəlxalq razılaşmalara hörmətlə yanaşmalıdırlar, hər bir ölkənin üstünlüyü onun hüquq və normalara göstərdiyi hörmətdir. V.Vike-Frayberqa, həmçinin Avropa ilə Asiyanın əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirilməsi, müştərək cəmiyyətlərin formalaşması məsələlərindən danışıb.
Serbiyanın keçmiş Prezidenti Boris Tadiç də Avropada sülh və sabitlik məsələlərinə toxunaraq, qitədə yeni təhlükəsizlik arxitekturasına, yeni Şərq Tərəfdaşlığı strategiyasına və Avropa İttifaqının genişlənmə siyasətinin tamamlanmasına ehtiyac olduğunu bildirib.
İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini, Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko və digərləri Avropa məkanında əməkdaşlığın inkişafı yolları, dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı çıxış ediblər.
İki gün davam edəcək toplantıda Avropada etimadın bərpa edilməsi üçün beynəlxalq ictimaiyyətin rəy və təklifləri müzakirə ediləcək, bu ilin aprel ayında Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunun məqsəd və vəzifələri barədə fikir mübadiləsi aparılacaq, müəyyən tövsiyələr irəli sürüləcək. Toplantıda vurğulanıb ki, Bakı forumu yeni dünya düzənində etimadın bərpası üçün dünya liderlərinə geniş əməkdaşlıq imkanları yaradır.
Toplantının açılışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov, Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov da iştirak ediblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Brusselde_Avropada_tehlukesizliye_dair_toplanti_kechirilir-833484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR