A–
Tbilisi, 1 aprel, AZƏRTAC
Azərbaycanın Xalq Yazıçısı Elçin Əfəndiyevin “Şekspir” əsəri Gürcüstanda tamaşaya qoyulacaq. Aprelin 4-də Ozurqeti Dövlət Dram Teatrında tamaşanın premyerası olacaq.
Teatrın direktoru Zaza Zinzaradze AZƏRTAC-a müsahibəsində deyib: “Kollektivimiz tez-tez başqa xalqların yazıçılarının əsərlərinə müraciət edir. Bu dəfə isə dost və qardaş Azərbaycan yazıçılarının əsərlərinə müraciət etdik. Azərbaycanın Xalq Yazıçısı Elçinin bir neçə əsəri ilə maraqlandıq. Sonda onun “Şekspir” pyesi əsasında eyni adlı tamaşanı hazırlamağı qərara aldıq. Düşünürəm ki, bu bizin xalqlarımız arasında dostluq əlaqələrinin və mədəni münasibətlərimizin inkişafına təkan verəcək”.
Müasir Azərbaycan dramaturgiyası ilə çoxdan maraqlandığını qeyd edən tamaşanın bədii rəhbəri Vasili Çikobidze bildirib: “Bir müddət əvvəl Litvada Azərbaycan yazıçıları ilə görüşmüşdüm. Onlarla söhbətdən sonra müasir Azərbaycan dramaturgiyasına məndə yenidən maraq oyandı və Xalq Yazıçısı Elçinin əsərlərinə müraciət etdim. “Şekspir” bizim teatrda bir neçə dəfə oynanılıb. Amma nədənsə Elçinin “Şekspir” əsəri daha maraqlı göründü və bu pyes əsasında yeni tamaşa hazırladıq”.
Tamaşada əsas rolları Temur Kvirkveliya, Liya Markiaşvili, Gennadi Nikolaşvili, Levan Savinadze, Şorena Kvetadze, İvano Çixaidze, Bela Kikvadze və Aleksandr Lomidze ifa edəcəklər.
Tamaşanın quruluşçu rejissoru Otar Kutaladzedi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
AZERTAG.AZ :Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri Gürcüstanda tamaşaya qoyulacaq