Futbolçular və onların həyatları haqqında bir çox məlumatlar davamlı olaraq mətbuatda yayımlansa da, bəzi maraqlı informasiyalar var ki, onları hətta ən fəal azarkeşlər də bilmirlər.
Milli.Az apasport.az-a istinadən aktiv və karyerasını bitirmiş bəzi oyunçular haqqında maraqlı məlumatları təqdim edir:
Lilian Türam
Dünya futbolunun əfsanə müdafiəçilərindən biri olan fransalı Lilian Türam oyun zamanı rəqib hücumçuları narahat etmək üçün matça bədəninə sarımsaq sürtüb çıxırmış.
Qaret Beyl

Madrid "Real"ının uelsli hücumçusu Qaret Beyl uşaq vaxtı oynadığı məhəllə futbolu haqqında danışarkən qeyd edib ki, ədalətli oyun getməsi üçün ona sol ayağından istifadə etməyi qadağan ediblərmiş.
Karlos Bakka

"Milan"ın kolumbiyalı hücumçusu Karlos Bakka çox yox, 7 il öncə dolanışığını təmin etmək üçün balıqçılıqla məşğul olub.
Kristianu Ronaldo
"Real"ın ulduz futbolçusu Madeyra doğumludur. Hətta uşaq vaxtı Madeyra ləhcəsi ilə danışdığı üçün ibtidai sinif müəllimi ona əsəbləşib və döyüb.
Emanuel Adebayor

Karyerası boyunca "Monako", "Arsenal", "Real" və "Tottenhem" kimi klublarda oynamış Emanuel Adebayor 4 yaşına qədər yeriyə bilməyib.
Cilberto Silva

Braziliya milli komandasının və "Arsenal"ın keçmiş ulduzu Cilberto Silva vətənində "Atletiko Mineyro"da oynayarkən aldığı əməkhaqqı çox az olduğu üçün əlavə iş olaraq dülgərliklə məşğul olurmuş.
Eysebio

Portuqaliya futbolunun gəlmiş-keçmiş ən yaxşı futbolçularından hesab olunan Eysebionun karyerasında yerinə yetirə bilmədiyi ilk penaltini kim çıxartsa yaxşıdı? Məşhur baş məşqçi Joze Mourinyonun atası.
Andrey Şevçenko

Bir zamanlar "Trabzonspor"a təklif olunan Andrey Şevçenko haqqında o vaxtın klub prezidenti Atay Aktuğ "Hürriyet" qəzetinə belə açıqlama vermişdi:
- "Onu alacaq imkanımız var idi, ancaq Şevçenkodan "bir cacıq olmaz".
Franz Bekkenbauer

Almanların əfsanə qolçusu Franz Bekkenbauer yubiley oyununda öz qapısına qol vuran yeganə futbolçudu.
Manuel Noyer

Karyerasını davam etdirən qapıçılar arasında ən yaxşılardan biri hesab olunan almaniyalı Manuel Noyer 73 metr məsafədən buraxdığı qolla ən uzaq məsafədən qol buraxan qapıçı kimi tarixə düşüb.
Martin Palermo

Argentinalı Martin Palermo milli komandanın heyətində Kolumbiya ilə oynanılan oyunda 3 penaltidən istifadə edə bilməyərək, bir oyunda ən çox penalti qaçıran oyunçu kimi tarixə düşüb.
Frenk Lempard

Dünyanın ən intellektual oyunçularından biri olan Frenk Lempardın İQ səviyyəsi düz 150-dir.
Peter Çex
Çexiyalı qapıçı Peter Çex həm də poliqlotdu. Peter ana dili çexcədən başqa ingilis, portuqal, ispanca və fransızca rahat danışa bilir.
Milli.Az











