Yaş artdıqca əzələ gücünün azalması gündəlik hərəkətləri çətinləşdirir. Lakin düzgün həyat tərzi, balanslı qidalanma və müntəzəm fiziki aktivlik sayəsində bu prosesi yavaşlatmaq mümkündür.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yaşla əlaqədar əzələ itkisi ilə mübarizədə dörd əsas məqama diqqət çəkiblər. Ortopediya və travmatologiya üzrə mütəxəssis, dosent Tekin Kerem Ülkü bildirib ki, əzələlərin qorunması insanın yaşlılıq dövründə müstəqil hərəkət etməsi və gündəlik işlərini sərbəst yerinə yetirməsi üçün vacibdir.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə müntəzəm idmanla məşğul olmaq, xüsusilə əzələləri gücləndirən hərəkətlərə üstünlük vermək lazımdır. Bununla yanaşı, zülalla zəngin qidalanmaq, kifayət qədər su içmək və keyfiyyətli yuxuya diqqət yetirmək əzələlərin bərpasına kömək edir.
Digər mühüm məqam isə zərərli vərdişlərdən uzaq durmaqdır. Siqaretdən imtina etmək, alkoqol qəbulunu məhdudlaşdırmaq və uzun müddət hərəkətsiz qalmamaq əzələ sağlamlığının qorunmasına töhfə verir. Mütəxəssislər vurğulayırlar ki, məqsəd yalnız uzun yaşamaq deyil, həm də yaşlılıq dövründə hərəkət qabiliyyətini və müstəqilliyi mümkün qədər qorumaqdır.