A+
A–

Praqa, 4 aprel, AZƏRTAC
Çexiyanın daxili işlər naziri Milan Xovanets ölkə polisini 25 xristian qaçqını İraqa qaytarmaq üçün bütün mümkün üsullardan istifadə etməyə çağırıb. Həmin qaçqınlar onlara verilmiş sığınacaqdan imtina edib və pasportlarının qaytarılmasını xahiş ediblər. Onlara verilən sənədlərə görə, aprelin 7-dək qaçqınlar Çex Respublikasının ərazisini tərk etməlidirlər. Daxili işlər naziri hesab edir ki, bu müddət ərzində iraqlıların vətənə qaytarılması təmin olunmalıdır. Milan Xovanets “Twitter” səhifəsində yazıb: “Bu müddətdən qanunun pozulması və ya onları Şengen ərazisinin başqa ölkəsinə köçürülməsi üçün istifadə etmək olmaz. İraq xristianları Çexiya və onun vətəndaşlarının xeyirxahlığından sui-istifadə ediblər”.
Xatırladaq ki, martın 2-də 25 iraqlı xristian qaçqın yerləşdiyi Okrouqlik-u-İqlavı şəhərindən özəl nəqliyyat agentliyində icarəyə götürülən avtobusla çıxaraq Şimali Reyn-Vestfaliya federal əyalətinin Esse şəhərinə yollanıb. Qaçqın xristianların Çexiyadan Almaniyaya gizli gedən avtobusu Almaniya polisi tərəfindən gecə saxlanılıb. Miqrantlar Çexiya polisinə təhvil verilib. Onlar Almaniyaya uğursuz qaçışdan əvvəl xarici pasportların qaytarılması üçün ərizə veribmişlər.
Çexiyanın daxili işlər naziri Milan Xovanets “Generace 21” xeyriyyə fondunun xristian qaçqınların köçürülməsinə dair layihəsinin həyata keçirilməsini dayandırıb.
Polisin verdiyi məlumata əsasən, İraq vətəndaşları Çex Respublikası ərazisinə qaytarılıb və miqrasiya düşərgəsinə yerləşdiriliblər. Onların yerdəyişmə sərbəstliyini məhdudlaşdırmayacaq qərara yenidən baxılıb. Hazırda qaçqınların İraqa deportasiya məsələsi müzakirə olunur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
AZERTAG.AZ :Qaçqınların qonaqpərvərlikdən sui-istifadəsi geriyə qaytarılmaqla nəticələnə bilər