Azərbaycanda dövlətin pulu ilə oxumaq hüququ qazanan abituriyentlər hansı özəl məktəbi bəyənməyiblər?

Azərbaycanda dövlətin pulu ilə oxumaq hüququ qazanan abituriyentlər hansı özəl məktəbi bəyənməyiblər?
15:53 20 Fevral 2015
309 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərə dövlət sifarişi ilə qəbulun göstəriciləri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali məktəblər arasında dövlət sifarişi üzrə ən yüksək qəbulolma göstəricisi ADA Universiteti (100%), Bakı Ali Neft Məktəbi (98,32%) və Azərbaycan Tibb Universitetinə aiddir (98,23%).

Dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda ən zəif nəticə Azərbaycan Texnologiya Universitetinə məxsusdur.

Zəif nəticə göstərən digər təhsil müəssisələri Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Lənkəran Dövlət Universitetidir.

Dövlət sifarişi üzrə tələbə qəbulunun müsabiqəsində 3 özəl ali təhsil müəssisəsi iştirak edib: “Bütövlükdə götürdükdə, dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan cəmi 419 abituriyent təhsilini özəl ali təhsil müəssisələrində davam etdirmək istədiyini bildirmişdi. Onların da 90,45%-i Qafqaz Universitetini seçib. Yalnız 40 abituriyent Xəzər Universitetində dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq istəyini bildirib. Müsabiqə Qərb Universitetinin orta və yüksək hazırlıqlı abituriyentlər arasında nüfuza malik olmadığını üzə çıxarıb. Dövlət sifarişi ilə təhsil almaq hüququ qazanmış bir abituriyent belə, bu təhsil müəssisəsində təhsil almaq istəməyib”.

Komissiyadan bildirilib ki, 2014-cü il ərzində ali təhsil müəssisələri üzrə, bütövlükdə, dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən ixtisaslara qəbul olanların 90,53 %-i (9597 nəfər) Bakı şəhərində, 9,47 %-i (1004 nəfər) isə respublikanın regionlarında yerləşən ali təhsil müəssisələrini seçib. 2013-cü ildə bu göstəricilər, müvafiq olaraq, 91,62 % (9854 nəfər) və 8,38 % (901 nəfər) olub: “Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinə son altı ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən yerlərə qəbul olanların nisbi çəkisinin müqayisəli təhlili göstərir ki, bu illər ərzində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi 79,73-dən 90,53-ə qədər artın, regionlarda yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi isə 20,27-dən 9,47-yə qədər azalıb. Aydın olur ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən yerlərə müsabiqənin bütün ali təhsil müəssisələri üzrə mərkəzləşdirilmiş şəkildə aparılması hazırda zəif müsabiqə şəraiti mövcud olan regional ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul olanların faizinin ötən illərlə müqayisədə azalmasına səbəb olub”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR