“Əlincə” tək-tük futbol məktəblərindəndi ki, nə Premyer Liqada, nə də 1-ci divizionda peşəkar klubla təmsil olunmur. Başlıca məqsədləri uşaq futboluna təkan verməkdi. Ən azından kənardan belə görünür.
Ancaq "Facebook" səhifəsində paylaşılan şəkil ilkin təəssüratları alt-üst edir. Klub rəhbərliyinin başlıca məqsədinin futbol olub-olmaması böyük şübhə yaradır. Şəklin altındakı yazı isə fikirlərimizi daha da möhkəmləndirir: “U-13 komandamızın futbolçularının vurulan qoldan sonra etdikləri şükür səcdəsi”.
Qəribə mənzərədi, 12-13 yaşlı cocuqların futbol meydanında çəkilən şəklinə baxdıqda, hansı təəssürat yarana bilər? Bunlar məsçiddədilərmi, namazmı qılırlar? Futbol meydançasında bu cür hərəkət etmələri heç də öz beyinlərinin məhsulu deyil. Bu, “Əlincə” rəhbərliyinin “zəhmətinin bəhrəsi”di. Buna zərrə qədər şübhəmiz yoxdu.
Kimlərsə “burada pis nə var ki” sualıyla müraciət edə bilər. Cavablandıraq.
Əvvəla, futbolçuları dini baxışlara görə bölmək olmaz. Ancaq gördüyümüz mənzərə məhz bu cür ayrıseçkiliyi qabarıq şəkildə nümayiş etdirir. Belə çıxır ki, nə rus, nə yəhudi, nə italyan uşaq “Əlincə” formasını geyinə bilməz. Heç namaz qılmayan azərbaycanlı balası da bu kollektivdə yer ala bilməz. Desələr də ki, problem yoxdu, bu, mümkünsüzdü. Çünki elə bir mühit yaranıb ki (şəkil dil açıb, danışır), ateist olan kəs “Əlincə”də duruş gətirə bilməz. Şəkildən də aydın görünür ki, hamı “şükür səcdəsi” edir.
İkincisi, dini baxışların meydançalara sürüklənməsi artıq kütləvi hal almaqdadı. AFFA rəhbərliyi bunu görməyə bilməz. Görüb susmaq isə daha böyük qəbahətdi.
Nəhayət, üçüncü məqam. Görəsən “Əlincə” rəhbərliyi futbolçuların təhsilinə “şükür səcdəsi”ni öyrətdiyi kimi diqqət yetirirmi? Bu sual ritorikdi. Din xadimi yetişdirmək istəyirsinizsə, məsçid tikdirib, təbliğatınızı aparın. Dini futbola qatmayın! (futbolinfo.az)

Fanat.az