Bəzi futbolçular var ki, onların istedadları yalnız yaşıl meydanlarla sərhədlənmir. Karyeralarını bitirdikdən sonra və ya aktiv futbolçu vaxtlarında kamera qarşısına keçən, bədii və sənədli filmlərdə, həmçinin seriallarda yer alan ulduz oyunçular olub.
Milli.Az apasport.az-a istinadən belə futbolçulardan bəzilərini təqdim edir.
Dieqo Armando Maradona
Hər hərəkəti ilə qalmaqalların mərkəzində olan argentinalı əfsanə film sahəsində də özünü sınayıb. Futbol tarixinin ən yaxşılarından olan Maradona 2007-ci il istehsalı olan "Tanrının əlləri" (The hands of god) sənədli filmində rol alıb. Dieqo bundan başqa, 2008-ci ildə serb rejissor Emir Kusturitsanın lentə aldığı "Maradona by Kusturica" sənədli filmində də çıxış edib.
Ronaldo Luis Nazario

Dünyanın gəlmiş-keçmiş ən yaxşı qolçularından biri olan braziliyalı Ronaldo "Mayk Basset: İngilis menecer" (Mike Basset: England Manager) sitkomunda, "Qol 2" və "Qol 3" sənədli filmlərində oynayıb.
Bobbi Mur
İngiltərə futbolunun ən yaxşı ulduzlarından biri olan Bobbi Silvestr Stallone və Pele ilə birlikdə "Zəfərə qaçış" filmində çəkilib.
Zinəddin Zidan

2008-ci ildə Fransada çəkilən "Asteriks Olimpiya oyunlarında" filmində Zidan da çəkilib. Ondan əlavə, filmdə Mixael Şumaxer, Toni Parker kimi idmançılar da rol alıblar.
Erik Kantona

Futbol karyerası boyunca hər zaman göz önündə olan Kantona 1998-ci ildə "Elizabet", 2008-ci ildə "Fransız" (French) və 2009-cu ildə isə "Erikin axtarışında" (Looking for Eric) filmlərinə çəkilib.
Karlo Ançelotti
İtaliyalı jurnalist Covannino Quareşinin yaratdığı bir obraz olan Don Kamillonun həyatından bəhs edən "Don Kamillonun dünyası" (The world of Camillo) filmində rahib həm də qəsəbədəki futbol komandasının məşqçisidir. Həmin komandada forma geyinən futbolçulardan biri də Karlo Ançelottidir.
Pele
"Futbol Kralı" Silvestr Stallone və ingilis Bobbi Murla birlikdə "Zəfərə qaçış" filmində çıxış edib. Ayrıca "Mayk Basset: İngilis menecer" (Mike Basset: England Manager) sitkomunda öz obrazını canlandırıb.
Devid Bekhem

Çox məşhur "Qol" filmində oynayan Bekhem bundan başqa, 2014-cü ildə çəkilən ingilis serialı "Ancaq axmaqların bəxti gətirir"də (Only fools and horses) bir seriyada kamera qarşısına keçib.
Metin Oktay

Türk futbolunun "Tacsız kralı" Metin Oktay 1959-cu ildə çəkilmiş "Könül kimi sevərsə" adlı filmdə epizodik olaraq özünü oynayıb. 1965-ci ildə isə ssenarisi öz həyatı üzərinə qurulan və Atıf Yılmazın rejissorluq etdiyi "Tacsız Kral" filmində Ajda Pekkan, Ayten Gökçer və Gönül Yazar ilə birlikdə baş rola çəkilib.
Milli.Az







