A+
A

Tokio, 16 aprel, AZƏRTAC
Dörd nəfər indoneziyalı dənizçi Filippin yaxınlığında naməlum şəxslər tərəfindən girov götürülüb. Bu barədə “New Straits Times” qəzeti məlumat yayıb.
Məlumata görə, gəminin göyərtəsində 10 nəfər olub. Hadisə yerinə gələn Malayziyanın sahil mühafizə dəstəsi onlardan altısını xilas edə bilib. Bununla yanaşı, Sabah ştatının polis rəisi Abdul Raşid Harunun bildirdiyinə görə, dənizçilərdən biri yaralanıb və yerli xəstəxanaya yerləşdirilib.
Bu, son ayda Filippin, Malayziya və İndoneziya arasındakı rayonda qeydə alınan gəmilərə üçüncü hücum hadisəsidir. Martın sonlarında 10 İndoneziya vətəndaşı, bir həftə sonra isə dörd Malayziya dənizçisi girov götürülmüşdü.
İlkin məlumatlara görə, bu hadisələrin arxasında “Əl-Qaidə” beynəlxalq terror təşkilatının Filippindəki özəyi olan “Abu-Sayyaf” terrorçu qruplaşması dayanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :İndoneziyalı dənizçilər Filippin yaxınlığında naməlum şəxslər tərəfindən girov götürülüblər