ATƏT PA-nın qış sessiyasında Ukraynadakı böhrana həsr olunan xüsusi debat keçirilib

22:33 20 Fevral 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Vyana, 20 fevral, AzərTAc
Vyanada ATƏT-in Parlament Assambleyasının 14-cü qış sessiyası çərçivəsində Ukraynadakı mövcud böhran vəziyyətinə həsr olunan xüsusi debat keçirilib.
ATƏT-in böhran üzrə məsul rəsmilərinin, eləcə də səfirlər Heydi Taqliavininin və Ertoğrul Apakanın cari vəziyyətə dair məruzələri dinlənilib.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də çıxış ediblər. Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın ötən il Bakıda keçirilən illik sessiyasında Ukraynadakı böhran ətrafında məhsuldar müzakirələrin keçirildiyini və Bakı qrupunun yaradıldığını bildirib. Böhranın aradan qaldırılması istiqamətində ATƏT-in səylərini yüksək qiymətləndirən Bahar Muradova Bakı qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini bildirib və onun imkanlarından yararlanmağı təklif edib.
Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, ATƏT məkanındakı böhran və münaqişələrin nizamlanmasında Helsinki Yekun Aktının müddəalarına riayət olunmalı, böhran dövlətlərin ərazi bütövlüyü və suverenliyinə güc tətbiq etməmə yolu ilə həllini tapmalıdır.
Debatda Ukrayna və Rusiyadan olan deputatlar da daxil olmaqla bir çox ölkələrin parlamentariləri böhrandan çıxış yolları ilə bağlı təkliflər səsləndiriblər.
Bununla da ATƏT PA-nın 14-cü qış sessiyası öz işinə yekun vurub.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri,
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ATAT_PA_nin_qis_sessiyasinda_Ukraynadaki_bohrana_hesr_olunan_xususi_debat_kechirilib-833849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR