A+
A–

Bakı, 19 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun imzası ilə Administrasiyaya petisiya ilə müraciət edilib. Aprelin 19-da AVCİYA-nın nümayəndələri tələbələrin petisiyada daha fəal iştirakını təmin etmək üçün Azərbaycan Texniki Universitetində olublar.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə petisiyanın əhəmiyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülə biləcək işlərdən danışılıb. Qeyd olunub ki, AVCİYA-nın “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı müraciətində ABŞ Prezidenti Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin dəstəklənməsi üçün çağırış edilir.
Qeyd edilib ki, səsvermədə tələbələrin fəal iştirakının təmin olunması məqsədilə universitetin rəhbərliyi xüsusi fəaliyyət planı hazırlayıb. Plana əsasən, petisiyanın mahiyyəti tələbələrə çatdırılır və onların səsverməyə təşviqi həyata keçirilir. Bunun nəticəsidir ki, petisiya elan olunandan bu günədək AzTU-nun iki minədək tələbəsi səsvermədə iştirak edib.
AZERTAG.AZ :Azərbaycan Texniki Universitetinin tələbələri petisiya layihəsində fəal iştirak edirlər