İspaniya millisi və "Barcelona"nın müdafiəçisi Jerar Pike ispan mətbuatının bir sıra suallarını cavablandırıb. Goal.az müsahibəni təqdim edir.

- Qarşıda İspaniya millisini Avropa çempionatı gözləyir. Bu turnirdə komanda titulunu qorumalıdır.

- İspaniya bu titulu ardıcıl 3-cü dəfə qazana bilər. 2008-ci ildə millidə çıxış etmirdim, çox gəncdim. Amma 2012-ci ildəki turnir karyeramda ən unudulmaz yarışlardan biri oldu. Finalda İtaliyanı, sözün əsl mənasında, meydana çıxmağa peşman etdik və 4:0 hesabıyla qələbə qazandıq. Bu, inanılmaz bir şey idi. Mənə elə gəlir ki, həmin vaxt bütün mövsümü yüksək səviyyədə keçirdik. Əlbəttə, həmin çempionatdan sonra komandada bir sıra dəyişikliklər baş verdi. Amma indiki millidə futbolçular əla formadadır.

- Futbolu hər zaman həyatının mənası hesab etmisən?

- Uşaqlıqdan belə idi. Anam mənə deyirdi: "Futboldan bir şey çıxmasa, başqa bir şeylə məşğul ola biləsən deyə oxumaq lazımdır". Amma kiçik yaşlarımda belə məqsədim aydın idi. Futbol həmişə ehtirasım olub. Oyunun hər anından həzz alıram. Futbolu dərindən öyrənib rəqibi necə dayandırmağı araşdırmağı sevirəm. 29 yaşım var. Bir vaxt futboldan necə gedəcəyimi təsəvvür edə bilmirəm.

- Doğulduğun şəhəri təmsil edən klubda oynamaq necə bir hissdir?

- Pafoslu çıxsa da, reallaşmış arzudur. Təzyiq də xüsusidir. Azarkeşlər səni özününkü hesab etdiyindən üzərinə böyük məsuliyyət qoyur. Sən katalon olsan, "Barcelona"nın bu şəhər üçün nə demək olduğunu yaxşı başa düşərsən. Komanda qalib gələndə və uduzanda azarkeşlərin nə hisslər keçirdiyini daha yaxşı anlayırsan. Oyunçu olmazdan əvvəl necə azarkeş olduğunu xatırlayırsan. Doğma klubunun oyunlarını izləmək üçün hər həftə stadiona necə getdiyin yada düşür. Klubun tarixi və onun yolunu bilirsən. İndisə özün bu tarixin bir hissəsinə çevrilmisən.

- Karyeranı bitirəndən sonra azarkeşlərin xatirəsində necə qalmaq istərdin?

- İstəyirəm ki, meydanda maraqla izlənilən futbolçu kimi yadda qalım. Sadəcə ad və soyadımın xatırlanması ürəyimcə olmaz. Klubum mənə hər şeyi verib. "Barcelona"nın uğurları üçün əlimdən gələni edirəm. Məni öz işimi sevən bir oyunçu kimi xatırlasınlar.

- Yəqin, Barselonada asudə vaxtınızı uşaqlıqdan fərqli keçirirsən...

- İndi ailəm var. Adətən vaxtımı övladlarıma sərf edirəm. Evdən çıxmağa imkan olanda uşaqlıq dostlarımla görüşürəm. Birlikdə toplananda ailəvi nahar və ya şam yeməyi təşkil etməyi sevirəm. Kino və konsertlərə getməyi xoşlayıram. Bəxtim gətirib ki, Barselonada doğulmuşam. Burada asudə vaxtı səmərəli keçirmək üçün hər cür imkan var.

- Barselonada hamı, yəqin ki, səni tanıyır. Bu məşhurluq narahatlıq törətmir?

- Məşq və ya oyunda olmayanda diqqət mərkəzindən çıxıb özümlə tək qalmağa çalışıram. Meydanda olarkən hadisələrin episentrində, on minlərlə azarkeş və milyonlarla televiziya tamaşaçısının diqqət mərkəzindəyik. Bu diqqətin fırtına kimi sakitləşməsi anı çox xoşuma gəlir. Xarakter baxımından ailəcanlıyam. Yaxınlarımın əhatəsində özümü daha rahat hiss edirəm. Evdən uzaqda gözdən uzaq qalmış yerlər və sakit guşələrdə kütlənin diqqətini cəlb etməməyə çalışıram.

- Belə görünür ki, gündəlik geyimində də idman stilinə üstünlük verirsən.

- Məşq erkən başlayır. Uzun müddət hazırlaşmağı sevmirəm. Vaxtım həmişə az olur. Bu səbəbdən tez geyinib küçəyə çıxmağa can atıram. İdman stilini ona görə bəyənirəm. Cins şalvar, idman ayaqqabıları, yüngül kostyum. Bu tərz həmişə cəlbedici görünür.

Milli.Az