Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə "Bavariya" və "Atletiko" münasibətlərinə aydınlıq gətirəcəklər.

Madriddə keçirilmiş ilk görüşdə "Atletiko"ya uduzan (0:1) "Bavariya" öz meydanında həm məğlubiyyətin əvəzini çıxmaq, həm də finala vəsiqə qazanmaq niyyətindədi. Mövsümün sonunda münhenliləri tərk edəcək Xosep Qvardiola ÇL-in kubokunu qazanaraq, postundan ayrılmağı planlaşdırır. Onun rəhbərliyi altında əvvəlki hər 2 mövsümdə "Bayern" mübarizəni yarımfinalda dayandırıb. Bu dəfə də analoji vəziyyətlə üzləşməmək üçün almanlar "Atletiko" səddini keçməlidilər. Hərçənd ki, ilk oyunda qeydə alınan nəticə Madrid klubunun finala adlamaq şansını artırır. Dieqo Simeonenin komandası səfərdə 1 qol vuracağı halda, "Bavariya" istəyinə çatmaq üçün 3 dəfə fərqlənmək məcburiyyətində qalacaq.

Hər iki komandanın heyətlə bağlı problemləri var. Qonaqlarda Tiaqo, Yannik Karrasko və Dieqo Qodinin iştirakı sual altındadı. "Bavariya"da isə ay yarımdı yaşıl meydanlardan uzaq qalan Aryen Robben bu görüşü buraxacaq. Fevralda ayağı qırılan Holqer Badştuber də hələ sıraya dönməyib. Komandanın digər aparıcı üzvü Frank Riberi isə zədəsini sağaldıb. Fransalı yarımmüdafiəçi açıqlamasında "Atletiko"ya qarşı oynamağa hazır olduğunu bildirib.

"Bavariya" kimi "Atletiko" da finala adlamağı hədəfləyib. İki il öncə bunu bacaran madridlilər həlledici görüşdə həmşəhərləri "Real"a uduzmuşdular. Dieqo Simeone və komandası arzuladığı uğura imza atmaq üçün əllərindən gələni edəcəklər. "Atletiko"nun ilk növbədə qapısının toxunulmazlığını saxlamaq şərtilə, rəqibi sürətli əks-hücumda tutmaq düşüncəsi ilə oyuna çıxacağını öncədən təxmin etmək olar. Simeonenin yetirmələri Madriddəki qarşılaşmada olduğu kimi, yenə döyüşkən və aqressiv oyun sərgiləməklə, "Bavariya"nın arzusunu həyata keçirməyə mane olmağa çalışacaq.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

3 may

22:45. "Bavariya" (Almaniya) - "Atletiko" (İspaniya)

İlk oyun - 0:1

Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok

Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)

Münhen. "Allyanz Arena".

Milli.Az