Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il əvvəl Türkiyədə cinayət törədib Azərbaycanda həbs edilən Mehmet Halil oğlu Sünmezin ekstradisiyası ilə bağlı məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Türkiyə səfirliyin nümayəndəsi təqsirləndirilən şəxsin Türkiyəyə verilməsinin istəyib. Ədliyyə Nazirliyinin nümayəndəsi də səfirliyin nümayəndəsi ilə eyni fikirdə olduğunu bildirib. Təqsirləndirilən şəxsin vəkili Vasif İsrafilov çıxışında bildirib ki, müdafiə etdiyi şəxsin Yılmaz Akbaba olduğu ilə bağlı heç bir sübut yoxdur: "Heç bir ekspertizada keçirilməyib ki, bu Yılmaz Akbabadır. 2 aydır müdafiə etdiyim şəxs günahsız yerə həbsdə yatır. Onun eksradisiya edilməsi düzgün deyil".
Təqsirləndirilən şəxs 2005-ci ildən Bakıda yaşadığını deyib: "Mənim yoldaşım və uşağım azərbaycanlıdır. Pasportumu səfirlikdən almışam. Saxta pasport necə ala bilərəm. 45 gündür günahsız yerə içəridəyəm".
Məhkəmə qərar qəbul edib. Qərara əsasən, təqsirləndirilən şəxs Türkiyə Respublikasına ekstrasdisiya ediləcək.
Qeyd edək ki, hadisə 2004-cü il noyabrın 24-də baş verib. Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qismində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb. 2015-ci ildə həmin qərar yenilənib və Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Y.Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Y.Akbaba (Mehmet Sünmez) barəsində Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən həbs edilməsi haqqında qərarın olması və Türkiyə Respublikasına ekstradisiya olunacağını nəzərə alaraq, Mehmet Sünmezin vəkili Vasif İsrafilov onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, ittihamları rədd edib, Y.Akbaba olmadığını bildirib.